AZ

Azərbaycan Moskvada MDB İqtisadi Şurasının iclasında təmsil olunub

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının 104-cü iclasında iştirak edib.

“Report”un Rusiya bürosunun məlumatına görə, iclas çərçivəsində iqtisadi əməkdaşlığa dair geniş spektrli məsələlər müzakirə edilib.

İqtisadi Şuranın üzvləri MDB ölkələrinin ümumi əmək bazarının mərhələli şəkildə formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi Konsepsiyasını təsdiqləyiblər ki, bu da sosial-əmək münasibətləri sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

İclasda həmçinin “İşçilərin yaşadıqları ölkədən kənarda olarkən istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi” Qaydası haqqında 9 dekabr 1994-cü il tarixli Sazişə dəyişikliklər layihəsi nəzərdən keçirilib.

İclas çərçivəsində atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin təkmilləşdirilməsi üzrə Tədbirlər Kompleksi təsdiq edilib. Sənəd Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tövsiyələri nəzərə alınmaqla nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə proqramlarının inkişafına cəlb olunmuş təşkilatlara elmi-texniki dəstəyin təmin edilməsi də daxil olmaqla, atom sənayesinin inkişafı üçün institusional bazanın təkmilləşdirilməsinə töhfə vermək məqsədi daşıyır.

İştirakçılar həmçinin İqtisadi Şuranın bəzi qərarlarının qüvvədən düşməsi, İqtisadi Məhkəmənin hakimlər reyestrinə daxil edilmiş hakimlərin fəaliyyətinin təmin edilməsi, 2025-ci ildə MDB Dövlətlərarası Statistika Komitəsinin maliyyələşdirilməsi və s. məsələlərə baxıblar.

MDB İqtisadi Şurasının növbəti iclası 2025-ci il aprelin 28-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
18
cebheinfo.az

1Mənbələr