AZ

Sosioloq: Azərbaycanda heyvanlara olan sevgi böyükdür

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə cərimələr müəyyənləşir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, ölkəmizdə əksər insanlar tərəfindən heyvanlara münasibət çox yaxşıdır:

“Bunu gündəlik həyatımızda da müşahidə edirik. Marketlərdən, heyvandarlıq mağazalarından, qidaların alınıb, küçələrdə, parklarda heyvanlara verilməsini və onlar üçün müxtəlif yerlərdə su qoyulmasını müşahidə eləmişik. Azərbaycanda heyvanlara olan sevgi böyükdür. Bu isə bizim Şərq insanının fərdi keyfiyyətlərindən irəli gəlir. Ümumiyyətlə, bizim millət ürəyi yumşaqdır. Hər bir coğrafiyaya uyğun insanlar yetişir, yəni hər kəs öz coğrafiyasına oxşayır. Biz də öz coğrafiyamıza uyğun olaraq ürəyi yumşağıq və hər zaman heyvanlara rəhm edirik. Lakin aramızda rəhmsiz insanlar da olur. Ümumiyyətlə hər bir cəmiyyətdə yaxşı ilə pis, yanaşı olub. Bizim də cəmiyyətimizdə, təbii ki, pis insanlar da var. Məsələn, pişiyi, iti döyüb, sosial mediada video çəkib reklam edən və  ondan gəlir mənbəyi qazanan insanlarla da qarşılaşmışıq. Çox təəssüf  ki, cəmiyyətimizdə belə insanlar da var. Cərimələr də məhz bu insanların heyvanlara qarşı qəddar rəftarının aradan qaldırılmasına görə tətbiq olunur. Bu gün Milli Məclisdə müzakirə olunan məsələyə münasibətim çox yaxşıdır. Nəinki heyvanlarla bağlı, bütün sahələrdə olan cərimələrə doğru addımdır”. 

Ekspertin sözlərinə görə insan özünü tərbiyə metoduna keçməlidir: 
“Biz əgər özümüzü tərbiyə edəriksə, yolda, nəqliyyatda  özümüzü yaxşı apararıqsa, qanunsuzluğa yol verməriksə, zibili ətrafa atmırıqsa, və cərimə tətbiq edilən bütün sahələrdə düzgün mövqedə dayanarıqsa, cərimə ödəmək məcburiyyətində olmayacağıq. Ona görə cərimələrin bu qədər qaldırılması, tətbiq olunması heç kəsi narahat etməməlidir. Sənin öz tərbiyən özünü narahat etməlidir. Əslində cərimələrin artmasına şüurlu şəkildə narahat olmamalıyıq. Çünki özümüzdə olan tərbiyəni təsdiq edən əqidəmiz varsa, qaydaları pozanlara görə cərimələrin artırılmasını doğru hesab etmək lazımdır. Cərimələr 500 manat yox, 5000 manat olsun. Heyvan da bizi kimi bir canlıdır. Allah bizi insan formasında yer üzərinə bəxş edib. Onu isə dilsiz, ağılsız formada yaradıb. Ümumiyyətlə heyvanların həyatımızda olmasının böyük köməyi var. Bu mənada işgəncə verməsək, ovlamasaq,  ölümünə səbəb olmasaq,  rahat yaşayarlar. Cərimələr haqqında bu gün Milli Məclisdə olan müzakirələri təqdirəlayiq hesab edirəm.  Düşünürəm ki, cərimə anlayışı cəmiyyətin nizama salınması deməkdir. Bir neçə il sonra da bu günki cərimələrə ağız büzən insanlar cərimələrin tətbiq edilməsi ilə bağlı  cəmiyyətimizdə nələrə nail olduğumuzu şüurlu şəkildə görəcəklər və onu təqdir edəcəklər. Bizdə heyvanlara qarşı sevgi bir çox dövlətlərdən, xalqlardan və millətlərdən fərqlidir”.
Seçilən
10
sherg.az

1Mənbələr