AZ

Putin də bunu Paşinyana “dedi” – “Konstitusiyanı dəyiş”...

Rusiyanın proksi hərbi-siyasi qurumu sayılan KTMT-nin (“Rus NATO-su”) dünənki Astana sammiti bir sıra rutin bəyanatlarla yanaşı, bəzi maraqlı məqamlarla yadda qaldı. Söhbət xüsusən də Vladimir Putinin Qarabağla bağlı söylədiklərindən gedir.

Putin öncə qeyd etdi ki, baş nazir Nikol Paşinyanın tədbirə qatılmaması “daxili məsələlər və Qarabağla” bağlıdır. Ardınca o, Ermənistanın 44 günlük müharibədəki məğlubiyyətə görə Rusiyadan incikliyinin əsassızlığına diqqət çəkib bildirdi ki, “İrəvana qarşı formal olaraq heç bir xarici təcavüz olmadığı üçün KTMT Dağlıq Qarabağ münaqişəsinə Ermənistanın tərəfində müdaxilə edə bilməzdi”, çünki “Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və Qarabağı öz dövlət perimetrinə daxil etməmişdi”.

Haqlı. KTMT-nin işğal altındakı Azərbaycan torpaqları KTMT-nin məsuliyyət zonasına daxil deyildi. Yəni bu, Astanaya gəlməmək üçün tərtəmiz bir bəhanə.

Bununla belə, hamı onu da bilir ki, 2-ci Qarabağ savaşı zamanı Moskva öz satellitinə, erməni işğalçı qüvvələrinə bacardığı bütün köməyi, özəlliklə silah yardımını edib. Axıra yaxın isə mühasirədəki 15-20 minlik erməni işğalçı qruplaşmanı məhv olmaq və ya Azərbaycan Ordusuna əsir düşməkdən qurtarıb. Bundan artıq hansı yaxşılığı etməli idi ki?..

Doğrudur, Nikol Paşinyanın 2022-ci ilin oktyabrında Praqada ilk dəfə Qarabağı Azərbaycanın tərkin hissəsi kimi tanıyan bəyanata imza atması Rusiya rəhbərliyini qəzəbləndirdi. Hələ də bunu ona irad tutur, az qala “erməni xalqına xəyanət” kimi təqdim edir Moskva rəsmiləri.

Bu da səbəbsiz deyil(di). Görünür, Kreml daha bir müddət “Dağlıq Qarabağ” məsələsi ilə manipulyasiya edıb Güney Qafqazın iki ölkəsini öz nəzarətində və orbitində saxlamaq istəyirmiş. Alınmadı. Qatar getdi.

Amma Rusiya artıq Azərbaycanın yaratdığı yeni status-kvo ilə barışmış kimi görünür. Putinin Astanada “Dağlıq Qarabağ” ifadəsi deyil (cəmi bir dəfə işlətdi), əsasən Qarabağ sözündən istifadə eləməsi qənaətimizi daha da möhkəmlədir...

Hərçənd əks məntiq də var. Putinin yuxarıdakı açıqlamasından belə çıxa bilər ki, əgər Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını öz ərazisi elan etsəydi, Rusiya bunu nəzərə alıb Ermənistan tərəfdən müharibəyə qatılacaqmış. Necə ki, indi Ukraynanın böyük bir hissəsini özününkü elan edib işğalçı müharibə aparır.

Ancaq düşünmürük ki, Pitun Azərbaycana münasibətdə belə açıq-aşkar radikal addıma gedərdi. Hər halda, bir var Donbas, rus əhalisi, “Malorossiya”, bir də var, nankor ermənilərin torpaq iddiası, rusun yaşamadığı Qarabağ.

Üstəgəl, beynəlxalq hüquq o vaxt da qüvvədə idi. Azərbaycan BMT Nizamnaməsinin 52-ci bəndinə əsas götürüb istənilən ölkədən – Türkiyədən, Pakistandan hərbi yardım istəyə bilərdi. Bu istək isə yüz faiz geri çevrilməyəcəkdi. Yekun etibarilə Moskva bir ovuc erməniyə görə böyük bir münaqişəyə cəlb oluna, Azərbaycanla Türkiyəni isə həmişəlik itirərdi...

Nəhayət, Rusiya liderinin Astana açıqlamasının bir kontr-məntiqi də var. Putinin İrəvana ünvanlı sözlərindən həm də belə nəticə hasil olur ki, madam Qarabağı Azərbaycan torpağı sayırsız, o zaman konstitusiyadan qonşu ölkəyə qarşı ərazi iddiası ilə bağlı istinadı saxlamağın nə anlamı? Yaxud Qarabağı Azərbaycan ərazisi hesab edirsinizsə, Rusiyadan niyə inciklisiniz? Yoxsa konstitusiyanı dəyişmək istəmirsiniz?

Seçilən
5
musavat.com

1Mənbələr