Bu gün Çin və Rusiyaya məxsus 11 döyüş təyyarəsi dörd saat ərzində Cənubi Koreyanın hava hücumundan müdafiə zonasında olub. Olay Cənubi Koreyanı döyüş təyyarələrini havaya qaldırmağa məcbur edib.
Birgə Qərargah Komitəsi Rusiya və Çin təyyarələrinin heç bir insident olmadan bölgəni tərk etdiyini və Cənubi Koreyanın hava məkanına daxil olmadığını bəyan edib.
Çin və Rusiya təyyarələri son illərdə Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına tez-tez daxil olur. Hər iki ölkə həmin hava məkanını özününkü hesab etmir.
Hava hücumundan müdafiə identifikasiya zonaları milli təhlükəsizlik məqsədləri üçün ölkənin hava məkanına daxil olan təyyarələrə nəzarət etmək üçün istifadə olunur.
Qeyd edək ki, Ukrayna bu günlərdə Cənubi Koreyadan 100 milyon dollar yardım alıb. Bu il Ukrayna və Koreya Respublikası hökuməti arasında 2,1 milyard dollara qədər maliyyə yardımı cəlb etməyə imkan verən saziş imzalanıb.
Cənubi Koreya KXDR hərbçilərinin Ukraynaya göndərilməsi və Rusiya ordusunu silah-sürsatla təmin etməsinin qarşılığında Ukraynaya maliyyə və silah yardımı verəcəyini açıqlamışdı.
Ehtimal etmək olar ki, Çin və Rusiya döyüş təyyarələrinin qeyd olunan hava manevrləri Ukraynaya yardımdan dolayı Seula xəbərdarlıqdır.
“AzPolitika.info”