AZ

Yeni gərginlik ocaqları yaratmağa çalışırlar - POLİTOLOQDAN AÇIQLAMA

Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir. Birinci tendensiya ondan ibarətdir ki, Qərb dövlətləri aktiv şəkildə Ermənistan vasitəsilə bizim coğrafiyamızda gərginlik ocaqları yaratmağa çalışırlar. Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Yunanıstanın Rusiyadan əldə etdiyi S-300-ləri Ermənistana verməsi ilə bağlı xəbərlər onu göstərir ki, Ermənistan Azərbaycanla kiçik müharibə aparmaq iddiasındadır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi.

Eskpert qeyd etdi ki, Ermənistanda bu gün çox ciddi iqtisadi problemlər mövcuddur. Həmçinin, bilirik ki, Ermənistanda iqtidar komandası daxilində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün Ermənistan qəsdən Azərbaycanla yeni müharibə aparmaq və diqqətləri ora yönəltmək istəyir. Digər bir hədəf də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır.

Politoloq hesab edir ki, Qərbin Ermənistanı silahlandırmaqda məqsədlərindən biri də Rusiyanın bu ölkənin hərbi sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin, onun ərazilərindən Rusiyaya qarşı istifadə etmək istəyidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
7
ikisahil.az

1Mənbələr