AZ

MDB uğrunda Qərb-Rusiya savaşı... (ŞƏRH)

Son dövrlər Rusiyanın bir sıra yüksək rütbəli məmurları MDB ölkələrini daha açıq şəkildə Qərb təhlükəsilə qorxutmağa başlayıblar. Bu günlərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin xəbərdarlıq edib ki, Ukraynada sakitləşə bilməyən Qərb ölkələri MDB ölkələrinin ərazisində xaos yaratmağa çalışacaqlar. 

Narışkin onu da qeyd edib ki, Rusiya Qərb ölkələrinin 2020-ci ildə Belarusda rəngli inqilab cəhdinə, eləcə də Qazaxıstanda iğtişaşlara səbəb olan hərəkətlərini unutmayıb: Buna görə də MDB-nin kəşfiyyatı ilə xüsusi xidmət orqanları arasında qarşılıqlı əlaqə aktualdır və hesab edirəm ki, uzun illər üçün aktual olacaq. Mövcud məlumatlara görə, Amerika və Böyük Britaniya kəşfiyyat xidmətləri regionumuzun dövlətləri arasında təkcə siyasi və iqtisadi deyil, həm də dərin tarixi və hətta coğrafi əlaqələri kəsmək kimi iddialı vəzifə qoyublar".

Qeyd edək ki, Narışkin 2-3 oktyabr tarixlərində Bakıda rəsmi səfərdə olub. Onun beynəlxalq aləmdə gərginliyin artdığı bir zamanda ölkəmizə gəlməsi xüsusi diqqət çəkib. Birləşmiş Ştatların müxtəlif beyin mərkəzlərinin rəyinə görə, ABŞ-ın Xəzərlə bağlı əsas strateji məqsədi Rusiya və İrana qarşı tarazlığı qoruyub saxlaması üçün Xəzəryanı ölkələrə dəstək olmalıdır. Taktiki səviyyədə ABŞ-ın Xəzər dənizində əsas məqsədi dost ölkələrə dəniz sərhədlərini, həyati əhəmiyyətli enerji infrastrukturunu qorumaq, terrorçuların və narkotiklərin axınının qarşısını almaqda kömək etməkdir. 

Sanksiyalar Rusiyanın Xəzər regionunda təsirini azaltmayıb. Xəzər dənizi zonasında yerləşən postsovet ölkələri artıq mövqelərini xeyli möhkəmlədiblər və amerikalıları burada "dördgözlü” gözləmirlər. Narişkinin bu açıqlaması da bir daha onu təsdiqləyir ki, hazırkı məqamda Qərblə Rusiyanın əsas mübarizə meydanı məhz MDB məkanıdır. 

Hazırda hər iki qüvvənin toqquşduğu başlıca məkan MDB ərazisidir. Kreml hər vəclə çalışır ki, keçmiş postsovet məkanını öz nəzarətində saxlamaqda davam etsin. ABŞ başda olmaqla Qərb isə Rusiyanı sıxışdırıb çıxarmaqla MDB-də yeganə təsir vasitəsi olmağa çalışır. Bu mənada Narışkinin yuxarıda qeyd edilən fikirləri əslində MDB ölkələrinə təhdid xarakterli xəbərdarlıqdır. Bu xəbərdarlıqla o və Putinin digər komanda üzvləri ətraf ölkələri Qərblə yaxınlıq əlaqəsi qurmaqdan çəkindirmək məqsədi güdürlər. Yəni dolayısı ilə bəyan edirlər ki, Qərbə üz tutsalar, onlar da Ukraynanın taleynini yaşaya bilərlər. 

Digər tərəfdən, Narışkinin bu bəyanatı həm də Rusiyanın MDB məkanında kəşfiyyat imkanlarını genişləndirməyə hesablanmış addımdır. Buna nail olmaq üçün də MDB-nin kəşfiyyat strukturları və xüsusi xidmət orqanları arasında qarşılıqlı əlaqənin aktual olduğu versiyasını gündəmə atır. Bu yolla da Kreml MDB məkanında öz kəşfiyyat dairəsini genişləndirməyi düşünürlər. 

Mövcud vəziyyətdən çıxış etsək, indiki halda əksər MDB ölkələrinin Rusiya səbəbilə Qərblə əlaqələrdə məsafə saxlamağa çalışdıqları hiss olunur. Bu isə Qərbə həmin məkana daha rahat şəkildə nüfuz etməyə imkan vermir. Ona görə də Qərb nə qədər çalışsa da, MDB-də hansısa ciddi təsir gücünə sahib olacağı elə də inandırıcı görünmür. Bu yalnız Rusiyanın Ukrayna müharibəsində məğlub olub, tam gücdən düşməsi fonunda mümkündür ki, hələlik onun da işartıları görünmür…

Rüfət Sultan

Seçilən
5
1
qaynarinfo.az

2Mənbələr