AZ

Gəncədə “Yaşıl ətraf mühit günləri” tədbiri keçirilib

Gəncədə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası “İqlim dəyişmələrinin uşaqlara təsiri” layihəsi “Yaşıl ətraf mühit günləri” tədbiri baş tutub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1 saylı Yataqxanasının və Baytarlıq Fakültəsinin tədris korpusunun həyətlərində “Yaşıl ətraf mühit günləri” adlı tədbirlər keçirilib.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” böyük qrant müsabiqəsi tərəfindən maliyyələşən “İqlim dəyişmələrinin uşaqlara təsiri” adlı layihəsi çərçivəsində təşkil olunub.

ADAU-nun müəllim-tələbə heyəti, Gəncə şəhər İcra Hakimiyyəti, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və icma sakinlərinin iştirak etdiyi tədbirdə layihə və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlar verilib və çıxışlar edilib.

Daha sonra nəzərdə tutulan ərazilər iştirakçılar tərəfindən tullantılardan təmizlənib və 400 ədəd Eldar şamı tingi əkilib.

Qeyd edək ki, növbəti günlərdə belə tədbirlər ADAU-nun digər tədris korpusları və təcrübə stansiyalarının ərazilərində də davam edəcək.

Ümumilikdə 6 lokasiyada 1000 ədəd Eldar şamı tingi əkilməsi nəzərdə tutulub. Layihənin məqsədi yaşıl ətraf mühitin və iqtisadiyyatın əhəmiyyəti haqqında maarifləndirmə və təbliğat kampaniyası aparmaq, əlverişli və davamlı təcrübələri təşviq etmək və icma üzvlərinin və ictimai-özəl sektor nümayəndələrinin diqqətini artırmaq vasitəsilə milli və yerli səviyyədə iqlim dəyişikliyinin təsirinin azaldılması prosesinə töhfə verməkdir.

Layihə çərçivəsində həmçinin uşaqları və böyükləri əhatə edən yaşıl ətraf mühit və yaşıl iqtisadiyyata dair maarifləndirici sosial media postları da izləyicilərlə bölüşülür. Layihə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası və Ətraf Mühit və Sosial İnkişaf Təşkilatı (Banqladeş) tərəfindən icra edilir.

Seçilən
9
far.az

1Mənbələr