AZ

“TikTok”un yeni qərarı nələrə səbəb olacaq? -

"TikTok" platforması yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymağı planlaşdırır. Məlumata görə, bu filtrlər üz cizgilərini dəyişdirərək istifadəçiləri daha cazibədar göstərə bilər. Xüsusilə göz və dodaqların ölçüsünün artırılması, dəri rənginin dəyişdirilməsi bu filtrlərin əsas funksiyalarındandır.

"TikTok" rəhbərliyi hesab edir ki, gözəllik filtrlərinin istifadəsi yeniyetmələrdə narahatlıq və özünəinamın azalmasına səbəb ola bilər. Buna görə də, sosial şəbəkə bu funksiyaya yeniyetmələrin girişini məhdudlaşdırmağı nəzərdə tutur. Bununla belə, gənc istifadəçilər hələ də dovşan qulağı, it burnu kimi virtual heyvan maskalarını istifadə edə biləcəklər.

SİA mövzu ilə bağlı texnoloq Orxan Rzayevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, “TikTok”un bu qərarı müxtəlif müzakirələrə səbəb açıb: “Ümumilikdə, bu qərar başadüşüləndir. Çünki xüsusilə azyaşlıların filtrlərlə virtual bir gözəllik normaları yaratdığı görülür və bu qeyri-real olan, virtual olan normalar azyaşlılara psixoloji olaraq təsir edir. Dünyada artıq bununla bağlı ciddi problemlər özünü göstərdiyinə görə “TikTok” da belə bir qərar verməyə addım atmağa qərar verib”.

Orxan Rzayev sözlərinə belə davam edib: “Ümumi sosial medianın təsiri xüsusən də azyaşlılara təsiri ciddi bir müzakirə mövzusudur. Təsadüfi deyil ki, dünən noyabrın 28-i Avstraliyada bir qərar qəbul edildi ki, 16 yaşından aşağı istifadəçilərə sosial media istifadəsi ölkə üzrə qadağan olunur. Avstraliyada sosial media istifadə etmək üçün vətəndaşın 16 yaşı olması lazımdır. Səhv etmirəmsə gələn ilin sonundan qüvvəyə minəcək. Yəni, Avstraliya kimi bir ölkə artıq bunu qərara alıb ki, 16 yaşdan aşağı insanların sosial media istifadə etməsi onlara müxtəlif aspektlərdən zərər törədir.

İndi düşünürəm ki, müxtəlif ölkələrdə bu tipli qərarlar çıxacaq və müzakirələr olacaq. Sosial medianın xüsusən azyaşlılarla bağlı təsiri ilə bağlı ciddi araşdırmalara ehtiyac var və o baxımdan “TikTok”un da bu qərarını məntiqli saymaq olar”.

Ayşən Vəli

Seçilən
37
sia.az

1Mənbələr