1948-ci ildə Frankfurtdakı sərgidə “Daimler” şirkətinin mühəndisləri universal motorlu aqreqatı (Universalmotorgeraеt) təqdim etdilər. Lakin o zaman almanlar düşünmürdülər ki, sonradan qısaca “Unimog” adlandırılacaq maşın 70 il sonra da əhəmiyyətini itirməyəcək.
Avtosfer.az xəbər verir ki, SSRİ kimi geniş ölkədə də bu tip maşınlara ciddi ehtiyac vardı. Məsələ 1968-ci ildə daha da ciddiləşir. 80-ci illərdə isə iş Kreml səviyyəsində müzakirə olunur. Qərara alınılr ki, öyrənmək üçün bir neçə “Unimog” alınsın. SSRİ-yə gətirilən maşınlardan biri NAMİ-də (elmi tədqiqat institutu) sökülüb təhlil edilir və bu məzmunda bir hesabat hazırlanır: bizim nə texnologiyamız, nə avadanlığımız, nə də materiallarımız bu maşını hazırlamağa imkan verir. Bir çarə qalır, o da öz təcrübəmizə əsaslanaraq öz maşınlarımızın əsasında yeni çoxməqsədli texnika yaratmaq.
Bununla belə, alman maşınından sökülən hissələrin çertyojları tərtib edilir və ən azından bu detallara nümunə kimi baxmaq mümkün olur. Layihə üzərində iş 4 aya tamamlanır. 1986-cı ildə hazır olan texnikaya MAŞ-100 (многоцелевое автомобильное шасси – çoxməqsədli avtomobil şassisi) adı verilir və bütün ittifaq qəzetləri bu barədə yazır.
Rusiya tarixçiləri və mətbuatı etiraf etməsə də, bir məsələ məlumdur: alman nümunəsi olmadan heç bir yeni texnikanı 4 aya layihələndirmək mümkün olmazdı. Buna görə də hazırlanan maşının ilham və ideya mənbəyi birbaşa olaraq “Mercedes”dir. Elə maşının özü, xüsusən də kabinə 60-cı illərin “Unimog”larına bənzəyir.
Lakin “Unimog”dan fərqli olaraq sovet avtomobili şarnirli dönən şassi ilə təchiz edilir. Eynilə K-701 traktordakı kimi. Sonradan bir qədər təkmilləşdirilən maşın 155 at gücündə V6 Dizel mühərriki (ЯМЗ-642), 8 pilləli mexaniki ötürmə, oxlararası bloklanma ilə komplektləşdirilir. Yükgötürmə qabiliyyəti 3 ton olan maşının qabaq oxuna 1 tonluq asma avadanlıq quraşdırmaq mümkün idi. Bu avtomobillə yanacaq, su, səpilən yük daşımaq, yol inşaatında istifadə etmək üçün istifadə mümkün idi. Sınaq üçün 1987-ci ildə Moskvanın “ВНИИстройдормаш” zavodunda 2 maşın istehsal edilir.
İndi gəldik məsələnin Azərbaycanla bağlı hissəsinə.
Maşının istehsal yeri olaraq Mingəçevirin məşhur “Dormaş”ı (Yol İnşaatı Maşınları Zavodu) seçilir. Təchizatçı isə Kutaisi Avtomobil Zavodu seçilir. Çünki şassinin mühərriki və transmissiyası KAZ-la (Kolxida) oxşar idi. 1988-ci ildə “Dormaş”da 2 MAŞ-100 hazırlanır. Sınaq məqsədi ilə maşınlardan biri Mingəçevirdən Moskvayadək yolu problemsiz qət edir. Texnikanın uğurlu alındığı sübuta yetirilir.
1988-ci ildə SSRİ-də baş verən proseslər avtomobilin seriya ilə istehsalının qurulmasına mane oldu. İttifaqın süqutundan sonra isə 70 ildə qurulmuş avtomobil zavodlarının çoxu xarabalığa çevrildi. Əgər nurlar şəhəri sovet vaxtı kifayət qədər yol inşaatı maşını istehsalına nail olmuşdusa da, MAŞ-100 barədə eytni sözləri demək mümkün deyil. Dövr çətin idi.
Doğrudur, Mingəçevirdə istehsal edilmiş MAŞ-100-lərin taleyi naməlum olsa da, onlar Azərbaycanın avtomobil tarixinin bir hissəsinə çevriliblər.
PS. 1987-ci il uzaq tarix deyil. Şübhəsiz ki, Mingəçevirdə bu avtomobili görənlər, onun istehsalında iştirak edənlərdən kimlərsə yaşayır. Onların da fikirlərini işıqlandırmağa hazırıq.
Mingəçevirdə yol texnikası istehsalı ilə bağlı yazı:
https://avtosfer.az/az/oxucu-mektublari/azerbaycan-ssr-in-yol-texnikasi-minqecaurets-214462