AZ

Ailədəki münaqişələr, zorakılıqlar və problemlər...

                                               "Dövlət böyük ailə, ailə isə kiçik dövlətdir".
                                                                                           Qədim Çin mütəfəkkiri Konfutsi                    
 
 
Son illərdə ailədəki zorakılıqlar,boşanmalar,intiharlar və oxşar hüquqa zidd halları doğuran səbəblər,habelə, alimentin ödənilməməsi ilə bağlı çox danışırıq.Lakin, o problemli şəraitin aradan qaldırılması istiqamətində atılan adımlar səmərə vermir. Zənnimcə, Azərbaycan ailəsi necə olmalıdır,-sualına cavab tapmaq lazımdır. Ailənin qorunmasına dair Dövlətin təkmil bir Konsepsiyası,ya da,Doktrinası olmalıdır və yaxud bu sahədə Millli Fəaliyyət Planı və ya Proqramı hazırlanmalıdır. Həmin o sənəddə Mərkəzi İcra Hakimiyyəti orqanlarının koordinasion qaydada ölkədə ailənin sağlamlaşdırılması və mühafizəsi istiqamətində gördüyü işlər ətrafında Nazirlər Kabinetinə müfəssəl hesabat təqdim etməlidirlər.Bu mənada Konstitusiyada təsbit edilmiş müddəalara uyğun qeyd etdiklərim  çox vacibdir.
 
Qədim yunan filosofu Sokrata görə: “Ən yaxşı ailə - qadının kor, kişinin kar olduğu yerdədir”. Araşdırmalar göstərir ki, şəxsiyyətlərarası konfliktlər daha çox ailədə baş verir. Ailənin hər bir üzvü özünün həyata olan baxışları və özünə xas ideyaları ilə yaşamaq istəyəndə, ”özününkü yaxşıdır” -düşünür və digər yaxınlarını da zorən buna inandırmağa çalışır. Bəzən “razılaşmama” halları ailədə münaqişələrə və zorakılıqlara yol açır. Bu, daha çox ər-arvad, valideynlə uşaq arasında baş verir. Cütlüyün müəyyən savada-biliyə və vahid baxışlara malik olmaması, cəhalət bu səbəblərə təsir edir. Kübar ailələrdə münaqişələrə “ocaq” olmur. Zorakılıqlar onda başlayır ki, ailə üzvləri müxtəlif baxışlara və inama malik olurlar. Necə deyərlər, münasibətlər səmimilikdən kənara çıxır, fikir ayrılıqları, bir-birilərini anlamamaq və yaxud, “Mənim dediyim primatlıq təşkil etməlidir” və s. hallarla tərəflər artıq razılaşmırlar. ”Böyüklük” ailənin bəlasına çevrilir. Məhz belə yanaşma pretenziyalar və incikliklər doğurur, dinc yolla məsələnin həlli unudulur, arzuolunmaz yola üstünlük verilir. Qədim yunan filosofu Sokrat deyib ki, ən yaxşı ailə - arvadın kor, ərin kar olduğu yerdir. Belə olarsa umu-küsülərə də yer qalmır. Və yaxud, “Biri od olanda, digəri su olmalıdır” atalar məsəlinə hörmətlə, adət-ənənələrə uyğun yanaşılmalıdır. Lev Nikolayeviç Tolstoy vaxtilə müdrikcəsinə qeyd etmişdi ki, “..... Hər bir bədbəxt ailə özlüyündə özünə xas bədbəxtdir”. Münaqişələr barədə də eyni sözü demək olar: “Müxtəlif ailələrdəki səbəblər də müxtəlif olur.”
 
Ailəni uşaqlarsız təsəvvür etmək çox ağırdır. Amma zorakılıqlar bəzən daha çox uşaqların gözü qarşısında törədiləndə oğlan uşağı gələcəkdə atasına, qız isə anasına-ananın zorakılıqlara necə tab gətirdiyini özündə formalaşdırmağa, ona oxşamağa çalışar. Bəzən qadın uşaqların və ictimai rəyin xətrinə qadın ləyaqətini və iffətini qurban versə də, ailənin təməlini qoruya bilmir, min bir əziyyətlə qurulan “isti yuva” hörümçək yuvası tək dağılır. Sonra əmlak, aliment mübahisələri insan həyatını gözdən salır.
 
Rus filosofu, mütəfəkkiri və yazıçısı Fyodor Dostoyevski yazır: “Uşaqlarsız insanlığı sevmək mümkün olmazdı”.
 
Münaqişələr nikahın bağlanmasından qısa vaxtdan sonra da ailədə özünə yuva sala bilir. Müsəlmanlığa xas ali bir cəhət var: Qız atası ürəyinin bir parçasına çevrilən övladını həsrətlə gəlin gözləyən evə - yeni ocağa yola salınan anda ona xeyir-duadan sonra öyüd verər: “Qızım, şübhəm yoxdur ki, sən yeni ocaqda böyüyüb başa çatdığın ailəmizin əsl insani keyfiyyətlərini təqdir edəcək, qayınataya ata, qayınanaya ana deyər, qaynını qardaş, baldızını bacı kimi tanıyar, onların hər birinə hörmət və ehtiramla yanaşacaqsan...” Amma çox təəssüf ki, kürəkənə belə öyüd verilmir. Alışmışıq, tamaşalarda və lətifələrdə qayınanaları zarafat hədəfinə çevirməyə... Evdə oğlanın valideynləri yanında gəlinin ləyaqətinə xələl gətirilir, gəlin təhqir olunur, valideynlərinin ünvanına xoşagəlməz ifadələr işlədilir. Belə davranış qaydaları əslində cinayət hüququnun yurisdiksiyasına aiddir. Buyurun, baxın, ailə münaqişələrinin közərməsinə təsir edən faktorlar necə və nədən ərsəyə gəlir? Amma bu amillərə adi hal kimi baxırıq. Olmaz! Qəbulediməzdir. Valideynlərinin təhqir oldunduğu ailədə mehribanlıq və qarşılıqlı hörmət gözləməyə dəyməz. Axı, gəlin kölə deyil! Onun da yaşamaq haqqı, istirahət, əmək və digər hüquqları var! Deməli, belə ailələrdə ailə hüququndan danışmaq da olmaz!
 
Gəlin tarixə nəzər salaq: 1800-cü illərin ortalarına qədər əksər ölkələrin hüquq sistemi ərin arvadı üzərindəki hökmranlığını, onu döyməyi mümkün sayırdı. Amma burada istisna hallar da nəzərdə tutulurdu. Məs: 1641-ci ildə Massaçuset körfəzinin “Azad Bədən” kalonistlərinin qəbul etdiyi aktda bəyan edilirdi ki, nikahda olan qadın “bədən xəsarətlərindən azaddır”. Hətta ər arvadın istəyinə zidd ona “təcavüz”edə bilməzdi. Sonralar, XİX əsrdə Feminizm siyasi hərakatının tələbləri, 1845-ci, 1850-ci və 1878-ci illərdəki aktlar qadına qarşı olan zorakılıqları, işgəncələri qanuna zidd hesab edirdi. Artıq XX əsrdə ABŞ polisinin ailə zorakılıqlarına müdaxilə etmək hüquqları qanunla qorunurdu. Amma əvvəlki kimi günahkar nadir hallarda ailədən təcrid və həbs olunurdu.
 
1990-ildən başlayaraq ailə-məişət zorakılıqlarına görə cinayət hüquq məsuliyyəti qətiləşməyə başladı. 1993-cü ildə BMT “Ailə zorakılığına qarşı mübarizə strategiyası”nı dərc etdi. Orada “Ailə həyatı ailə üzvlərinə qarşı hər cürə qəddarlığı rədd edir və belə qəddar münasibətlər cinayət aktı kimi tövsif ediləcək” ifadələri yer almışdı. Bu sənədin qəbuluna qədər ailədə uşaqların tərbiyə edilməsi məqsədilə onların döyülməsinə icazə verilirdisə, bundan sonra isə qadağalar qoyuldu.
 
Avropada ailə zorakılıqlarına qarşı mübarizəyə dair qəbul edilən ilk hüquqi akt İstanbul konvensiyasıdır. Həmin sənədin 219-cu paraqrafında deyilir: “Avropa Şurasının üzvü olan dövlətlərdə ailə-məişət zorakılıqlarına-münaqişələrinə dair kifayət qədər işlər var ki, məhkəmə təqibi ilə müzakirə predmetinə çevrilmir”.
 
Tarixdən bəllidir ki, uşaqlar praktik olaraq heç vaxt valideyn zorakılıqlarından müdafiə oluna bilməmişlər. Dünyanın bəzi ölkələrində, məs. Somalidə bu gün də uşaqlara qarşı dözülməz, ağır xəsarətin yetirilməsi adət halına çevrilib, aciz və köməksiz vəziyyətdə olan uşaqların susmaqdan başqa çarələri qalmır. Fiziki təcavüz, seksual zorakılıq, qanunsuz həbsetmə, oğurlama, seksual istismara vermə və s.halları narahatlıqla qarşılanmışdır. Bəs ailənin hansı inkişaf mərhələsində böhranlı vəziyyət yaşanır?
 
İlk növbədə: 
 
- Gənclərin ər-arvad kimi yaşamaq dövrünə alışa bilməməsi, ailənin nəyə qadir olduğunun fərqində olmaması, ailənin müqəddəsliyini anlamaması və ona sədaqət nümayiş etdirə bilməməsi;
 
- İlk uşağın doğulması, cütlüyün ata və yaxud ana rolunun necə mənimsəməsi (Bəzən ana uzun müddət uşağın sağlam böyüməsi üçün sağlamlığını qurban versə də ata bunu görmür, öz həyatını yaşayır);
 
- Növbəti uşaqların doğulması;
 
- Uşağın məktəbə getməsi;
 
- Uşaqlar yeniyetmə yaşına çatandan sonrakı vəziyyət;
 
- Uşaqların böyüdükcə evdən uzaqlaşması;
 
- Ər və arvadın orta yaşa çatmasından sonra yaranan böhranlı vəziyyət;
 
- Ər və arvadın təqaüdə çıxmasından sonrakı vəziyyət.
 
Qeyd etdiyim mərhələnin hər biri ailədə müxtəlif stress vəziyyəti yaşada və öz növbəsində potensial səbəblər kimi ailə münaqişəsinə təsir edə bilər. Ailədə baş verən müxtəlif dəyişikliklərin və ailənin vəziyyətindəki gərginliklərin yaşanması daha çox:
 
 - Ya boşanmağa və yaxud da ər və arvadın ayrı yaşamasına;                                                               
 
- Ərin (arvadın) yeni yaşayış yeri seçməsinə və ora köçməsinə;                                             
 
- Ərin (bəzən arvadın) uzun müddətə uzaq məsafəyə ezamiyyətə yollanmasına; 
                       
- Başqa dövlətlərdə münasib iş axtarışına çıxmasına apara bilər.
 
Təbii ki, bundan sonra tərəflərin bir-birinə olan qarşılıqlı münasibəti də dəyişir və bir yerdə yaşamağın qeyri- mümkünlüyü üçün səbəb və şərait yetişir.
 
Təcrübədə ailə münaqişələrinin müxtəlif növlərinə də rast gəlinir. Bura aiddir:
 
- Xüsusi münaqişələr: Yəni, hətta sağlam və mehriban ailələrdə də müəyyən vaxtdan sonra mübahisələr baş verir. Qarşıdurma, baxışların və məqsədlərin uzlaşmaması, fikir və xarakterlərin uyğun gəlməməsi. Amma bu mərhələdə münaqişələr həllini tapa və ailə həyatı məcrasına yönələ bilər. Ailədəki ziddiyətlər həmişə və bütün səviyyələrdə yaşana bilər (Yəni, qardaşlar, qardaş-bacı, bacılar və valdeynlə övlad arasında da baş verə bilər).
 
- Gərginliklər: Təcrübə göstərir ki, münaqişələr tənzimlənmədikdə ailədəki gərginliklər artmağa başlayır. Həmin səbəblər ailədə hamıya bəlli-aşkar olur, lakin müəyyən vaxta qədər ört-basdır edilir. Bütün hallarda tənzimlənməyən münaqişələri doğuran səbəblər yığıldıqca neqativ emosiyalara, əsəb gərginliklərinə səbəb olur, aqressivliyə dəhliz açılır və nəticədə ailə üzvləri arasında əlaqə-kontakt itir,qohumluq bağları qırılır.
 
- Böhran: Ailədəki böranlı vəziyyət əksər hallarda ailənin dağılmasına səbəb olan kriteriyalardandır. Ər və arvadın qanunvericiliklə müəyyən edilən qarşılıqlı məsuliyyətin anlaşılmaması, ailənin müqəddəsliyinin qorunmaması (ər-arvad) borcu və yaxud valideynlərin uşaqları qarşısında vəzifəsi lazımi qaydada yerinə yetirilmir, bu öz növbəsində ailənin dağılmasına aparan bir səbəbdir.
 
Sadalananlar ailədə konfiliktin əsas tiplərindəndir. Artırmaq da olar. Ailə münaqişələri və onları doğuran səbəblər həmişə bir-biri ilə sıx bağlı olur. Münaqişəyə təsir edən səbəblər ailədaxili əlaqələri sarsıdır, qarşılıqlı münasibətlərin keyfiyyətinə, ailənin rifahına və gələcək inkişafına psixoloji təsir edir. Məs: Bəzən ailədə öz hisslərini, fikirlərini və sözünü deməyə imkan verməmək ciddi fəsadlara zəmin yaradır. Qeyri-sağlam, psixoloji mühiti olan ailə üzvləri bir-birilərinə etibar etmədən hisslərini gizlədərək dərdini başqalarına izhar edir, qonşuya pənah gətirir. Bunu ürək ağrılarından uzaqlaşmaq və psixoloji zədələrdən qaçmağa görə edirlər.
 
- Əlaqələrin yoxluğu: Münaqişənin olduğu ailələrdə qohumlar və doğmalar arasında nadir hallarda açıq təmas və münasibət olur. Ailə münaqişələrinin simptomları əmələ gəldikcə, ailə üzvləri bir-birilərindən uzaqlaşır, çalışırlar ki, üz-üzə gəlməsinlər, kənara çəkilib özlərinə qapanır, gözə görünməməyə, “ailədən qaçma” prinsipinə üstünlük verilir.
 
- Nifrətin yaranması və biruzə verilməsi: Bəzən ailədə problem yarananda ailə mövcud problemi gizlətməyə çalışır, heç kimlə dərdini bölüşmür, məhrəm sayılan şəxslərə yaxınlaşmır, onu mehribancasına dinləyənlər, məsələni həll etməyə çalışanlar tapılmır. Belə ailələrdə bu və ya digər problemin həlli üçün kimin məsuliyyət daşıyacağı barədə mübahisələrə başlanılır, mübahisələr çox zaman qarşılıqlı nifrətə, hətta güc tətbiq etməsinə gətirib çıxarır. Ailədə tam özbaşınalıq hökm sürür, ailə üzvləri bir-birilərinə hörmət etmir, hissləri görmür və səslərini eşitməzliyə vurur, yad adama çevrilirlər. Belə mərhələdə münaqişənin həlli çətinləşir, ocağın közərməsinə şərait yaranır.
 
- “Şəxsi ərazinin” qeyri-dəqiq sərhədi: Bəzi ailə üzvləri (kim güclüdürsə və kimdən asılılıq varsa) digərlərini “əsarətində” saxlayır, onların fərdiliyinə hörmət etmir, şəxsi sərhədlər pozur, “ailə zorakılığına” dəhliz açılır. Bəzən etdiyini digərləri tərəfindən qəbul etməsinə vadar edir.
 
- Bir-birilərinə qarşı neqativ münasibət: Bəzən tərəflər - qohumlar arasında söhbət etməyə və təmasda olmağa mövzu tapılmır, bir-birilərinə şübhə ilə yanaşırlar, qarşılıqlı etibar və inam tədricən yox olur. Yumor hissinə heç bir ehtiyac qalmır.
 
- Sosial izolyasiya: Əksər hallarda belə ailələrdə tərəflər bir-birilərindən ayrılıqda yaşayır, izolyasiya olunurlar. Mövcud izolyasiya şəraitində daha çox əzab çəkən isə uşaqlar olur, nəticədə antisosial davranışlara yol açılır, tədricən yaxınlar və dostlar da yadlaşırlar.
 
Mən, konstitusion müddəadan çıxış edərək belə qənaətə gəlirəm ki, “...ailə cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğuna” görə ailədaxili münaqişələri doğuran səbəb və şəraitin öyrənilməsinə və bu səbəblərin akademik tədqiqatına böyük ehtiyac var. İlk növbədə ölkədə “Aliment fondu” yaradılmalıdır. Alimentdən yayınan, onu ödəyə bilməyən (istəməyən yox) şəxsləri həbs etməklə ailənin maddi vəziyyəti düzəlmir. Əksinə, həbs olunan tərəf bir az da ailəsinə qarşı aqressivləşir və residivləşir. İmkanı olan şəxs alimenti (valideynə, arvadına və uşağına) ödəməkdən yayınırsa onu həbsxana həyatı ilə islah etmək çətindir. Hindistan polisinin tətbiq etdiyi metodlardan istifadə etmək də ağıla sığmır. İmkanı olmayan şəxsi isə bacardığı işlə təmin etmək lazımdır. Qeyd etdiyim kimi Aliment Fondundan alimentin miqdarı tərəfə ödəməklə , gələcəkdə bu məbləği işləyən tərəfin hesabından tutmaq olar.
 
Başqa təklifim ondan ibarətdir ki, AMEA-nın nəzdində ümumiyyətlə cinayətkarlığı və ailə münaqişələrini doğuran səbəb və şəraitin öyrənilməsi üçün Elmi Tədqiqat İnstitutu yaradılmalı, səbəblər elmi cəhətdən tədqiq olunduqdan sonra onun aradan qaldırılması istiqamətində NK-yə müvafiq təkliflər verilməlidir ki, vəziyyət pik həddinə çatmasın. Belə olarsa, ailənin əsasını qorumaqla Azərbaycan dövlətinin təməlini qoruya bilərik.
Bu baxımdan Milli Elmlər Akademiyasında ailə münaqişələrini doğuran səbəb və şərait elmi tədqiqatın predmetinə çevrilməli və həmin istiqamətdə birgə iş aparılmalıdır.
 
Başqa təklifim ondan ibarətdir ki, nikah ittifaqı zamanı gələcək ər-arvad “Ailəyə sədaqət” ruhunda and içsinlər. Andı pozmaq, ailənin müqəddəsliyinə, cəmiyyətin əsas özəyinə xəyanət kimi dəyərləndirilsin. Məs: Dövlət rəmzlərinə hörmətsizlik etmək, vətənə sədaqət andını pozmaq və s.konstitusion vəzifələr necə qorunursa, ər və yaxud arvadın valideyn vəzifələrinə sədaqətsizlik nümayiş etdirməsi qanunla təqib olunsun. Təbii, burada bəzi istisnalar ola bilər (Ərin və yaxud arvadın ictimai mənəviyyata zidd hərəkətləri-ailə xəyanətləri). Qanunun “dur” demək gücü yoxdursa, boşanmaların sayı artımla davam edəcək. Ailə qanunvericiliyində ailənin qorunub saxlanılması üçün yaxşı heç nə yoxdur. Diqqət edin: Birgə nikah dövründə nə alınıbsa, onu mübahisələndirmək olar. Təcrübədən məlum olur ki, 10-20 il birgə həyatdan sonra boşanma zamanı sən demə, ərin adına heç nə yoxmuş. Qadın məhkəmə qərarı ilə boşanıb himayəsindəki uşaqlarla ya ata evinə qayıtmalı, ya da kirayəyə ev axtarmalıdır. Qız ata ocağından “Vağzalı” ilə çıxanda oğlan evinə yanında uşaq aparmamışdı. Bəs boşanandan sonra körpələri ilə ata evinə necə qayıtsın?!
 
Məsələnin görünməyən tərəfi də var. Gəlin, bir yerdə təmiz, gül qoxulu iffəti və yad əlin toxunmadığı can ilə evdən çıxan gəlinin boşanandan sonra halını düşünək. Bütün hallarda nikahın pozulması ərin təşəbbüsü ilə baş verərsə, hakim sosial ədaləti bərpa etmək və hamıya görk olsun deyə qadının keçmişini və gələcəyini diqqətlə nəzərə almalı, qəbul olunan məhkəmə aktı daha çox arvadın (qızın yox) həyatını nəzərə almalıdır. Qadının evlə təmini və aliment məsələsi həll olunmalıdır. Boşanma ərə qarşı sərt qərarla elan olunanda bəzilərini bu fikirlərindən yayındırmaq olar.
 
Rəvayət edirlər ki, Sokratın arvadı çox deyingən və eybəcər bir xanım imiş. Amma Sokratın zərb məsəllərindən görünür ki, onun məşhur filosof olmağında xanımının əvəzsiz rolu olmuşdur.
 
2021-ci ildə 46, 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirib. Beləliklə, bəlli olur ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həyatını itirən qadınların sayı 25 faiz artıb. Bundan əlavə 2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.
 
Sonda nə demək istərdim: Nobel mükafatı lauratı,fizika üzrə dahi alim Albert Eynşteyn qızına yazdığı məktubların birində deyir: “Bəlkə də planetimizi məhv edən nifrəti, eqoizmi və acgözlüyü tamamilə yox edəcək qədər güclü bir alət – “Sevgi bombası” hazırlamağa hələ də hazır deyilik”.Bəli,dünyanın ,bəşəriyyətin və hər bir ailənin də, Atom bombasına yox”,Sevgi bombası”na ehtiyacı var.
 
 Ailə institutu hər bir cəmiyyətin lokomotividir. Əgər ailədə qarşılıqlı hörmət və məhəbbət yaşayırsa, ailənin müqəddəsliyi dərk olunarsa - həmin ailə daimidir, özülü möhkəmdir. Ailədə səbr, dözüm nümayiş etdirilməli, çox sözü eşitməməli və daha çox danışılmamalıdır. Necə deyərlər, biri kar, biri isə lal olmalıdır.
 
Təbiətin canlanması və vəcdə gəlməsi günəşin çıxmasından və yağmurdan nə dərəcədə asılıdırsa, ailənin də qarşılıqlı hörmət və məhəbbətə ehtiyacı var. Əslində mütləq sevgi və məhəbbət yoxdur. Mütləq sevgi Allahadır, Allaha! Müdriklərin dediyi kimi, sevgini şairlər və yazıçılar əsərlərində uydurublar. Quranda deyildiyi kimi, şairlər xəyallar aləmində dərbədərdirlər, onlar etmədikləri şeyləri deyirlər, yazarlar, zənnə qapılarlar. Zənn isə həqiqət sayıla bilməz.Sevgi Allahdır,Allah sevgi!
 
Həyat özü-özlüyündə gözəl bir nağıldır. Onu faciəyə çevirən, bir növ dramatikləşdirən isə biz insanlarıq. Çalışaq, həyatımızı dramatikləşdirməyək. Başa düşməliyik ki, tənhalığın müalicəsi və məlhəmi yoxdur. Fərdin inkişafı və şəxsiyyətin formalaşdırılmasının bünövrəsi də ailədən başlayır. O İlahi bir nemətdir. Onu qorumağa məhkumuq.
 
Məsəl var, deyirlər: Dənizçi açıq dənizin “xarakterinə” bələd olduğu kimi,Qadın da, ona həssas və təbəssüm göstərəcək kişini sifətindən tanıyır ...
 
Bilməli, anlamalıyıq ki, qadınlar onların xətrinə dəyənləri sevmir və görmək də istəmirlər... Qınamayaq! Axı, onlar anadırlar - peyğəmbərləri, dahiləri, müdrik insanları, vətən uğrunda həlak olanları və bizi də bətnlərində ərsəyə gətirib həyata bəxş edən analardır!
 
Ona görə ailə hər şeydən güclü, hər şeydən müqəddəs və hər şeydən üstündür.Hətta, Vətəndən də! Vətəni iffətimizə və namusumuza görə qoruyur, yolunda canımızı fəda edirik ki, ailəni, vətəni qəsbkarlardan qoruyaq!
 
Onore de Balzakın da gözəl bir deyimi var: “Kim qadını idarə edə bilirsə, dövlətlə də bacara bilər.” Təbəssüm göstərsək “idarəçilik”çətin olmaz
 
Şəmsəddin Əliyev
 
Seçilən
20
moderator.az

1Mənbələr