Rumıniyada noyabrın 24-də keçirilmiş prezident seçkisinin birinci turunda gözlənilmədən rusiyapərəst namizədin qalib gəlməsi böyük ajiotaj yaradıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniya Mərkəzi Seçki Komissiyasının rəhbəri Toni Qrebl ölkənin Konstitusiya Məhkəməsinin səsvermənin nəticələrinin ləğvi barədə qərar qəbul edəcəyi təqdirdə birinci turun təkrarlanmasının mümkün olduğunu deyib.
“Reuters” agentliyi xəbər verir ki, bu halda birinci tur dekabrın 15-də, ikinci tur isə dekabrın 29-da keçirilə bilər.
Rumıniyadakı mühafizəkar siyasi qüvvələrin namizədi Kristian Terges səsvermənin nəticələrinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Dünən məhkəmə birinci turda verilən 9,46 milyon səsin yenidən hesablanması barədə qərar qəbul edib.
Bu arada Rumıniya prezidentinin, baş nazirin, eləcə də müvafiq müdafiə qurumlarının daxil olduğu ölkənin yüksək təhlükəsizlik orqanı olan Ali Müdafiə Şurası seçki prosesinə təsir etmək məqsədi daşıyan kiberhücumlara dair sübutlara malik olduğunu bəyan edib. Şura vurğulayıb ki, Rumıniya “xarici dövlət və qeyri-dövlət subyektlərinin, xüsusən də Rusiyanın düşmənçilik hərəkətləri” üçün əsas hədəfdir.
“AzPolitika.info”