İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveç Vergi Agentliyinin baş direktoru xanım Ketrin Vestlinq Palm ilə videokonfrans formatında görüş keçirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin müxtəlif sahələrdə, o cümlədən vergi sahəsində uğurla inkişaf etdiyi bildirilib və görüşün əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edilib.
Görüş zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsinin uzunmüddətli strateji hədəflər və dayanıqlı prinsiplər əsasında həyata keçirilməsi məqsədilə təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərinin vergi administrasiyaları tərəfindən dəstəklənməsi, maliyyələşmə imkanlarının artırılması və səmərəli mexanizmlərin rolu barədə fikirlərini bölüşüblər.
Görüşün davamında DVX və İsveç Vergi Agentliyinin IOTA çərçivəsində əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Birgə fəaliyyətin prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb.