Ceyhun Məmmədov: “Belə məsuliyyətsiz açıqlamalar ikitərəfli münasibətlərə birbaşa xələl gətirir”
Polşa Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir.
Bunu Polşanın Prezidenti Andjey Duda jurnalistlərə bildirib.
O da məlumdur ki, Duda Azərbaycanın sözügedən məsələyə qarşı olduğunu bilir. Yəni Azərbaycan iki ölkə sərhədində, o cümlədən, birtərəfli formada Ermənistanda müşahidə missiyasının yerləşdirilməsinin tərəfdarı deyil. Çünki buna ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, Duda COP29 tədbirində iştirak edərkən Prezident İlham Əliyevlə görüşüb. Bütün bunları bilə-bilə Duda niyə məhz indi Ermənistanda belə provokativ açıqlama ilə çıxış edib?
“Rəsmi Varşava bu kimi məsələlərdə rəsmi Bakının mövqeyini nəzərə almalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədov bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Polşa prezidentinin belə bir addım atması həqiqətən anlaşılan və qəbuledilən deyil. O, Azərbaycanın bu məsələdə mövqeyini nəzərə almalı idi. Çünki onun Azərbaycana səfəri, cənab Prezidentlə görüşü, COP29-da iştirakı ölkədə diqqətlə qarşılanıb. Lakin onun Ermənistana səfər etməsi, Azərbaycanın yanaşmasını, mövqeyini bildiyi halda belə bir addım atması müəyyən suallar doğurur. Dudanın sərhədə gəlməsi, bu şouda iştirak etməsi və Aİ-nin müşahidə missiyasının fəaliyyəti ilə tanış olması, müəyyən açıqlamalarla çıxış etməsi həqiqətən də birmənalı qarşılanmamalıdır. Haqlı olaraq da bu gün birmənalı qarşılanmır. Burda daha bir məsələ ondan ibarətdir ki, Duda Polşanın müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmaq istəyir. Azərbaycan bəyan edir ki, ümumiyyətlə, belə bir missiyaya ehtiyac yoxdur. Bunlar isə həm missiyanın fəaliyyət müddətini uzatmaq istəyirlər, həm də sayını artırmaqdan danışırlar. Ona görə də Polşa dövlət başçısının belə mövqe sərgiləməsi anlaşılan deyil. Bu, ikitərəfli münasibətlərə xələl gətirən haldır. Azərbaycan Polşa ilə münasibətlərin inkişafında maraqlıdır. O üzdən, rəsmi Varşava bu kimi məsələlərdə rəsmi Bakının mövqeyini nəzərə almalıdır. Çünki belə məsuliyyətsiz açıqlamalar ikitərəfli münasibətlərə birbaşa xələl gətirir. Polşa nəzərə almalıdır ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Azərbaycanın əraziləri 30 il Ermənistanın işğalı altında qalıb. Təəssüf ki, bu və digər məqamları nəzərə almayan bəzi Avropa ölkələri Ermənistanla birlikdə şouda iştirak edirlər. Bu isə ümumi işə, sülh danışıqları prosesinə zərər vurur”.
Vidadi ORDAHALLI