Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etirazçılara qanun çərçivəsindən kənara çıxmamaları ilə bağlı çağırış edib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə etdiyi çağırışda deyilir:
“Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir. Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”.
O eyni zamanda xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.