Türkiyəli futbol mütəxəssisi Mustafa Dalcı Super Liqa təmsilçisi “Adana Dəmirspor”a baş məşqçi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub. O, bu postda sentyabr ayında qovulmuş avstraliyalı mütəxəssis Mixael Valkanisi əvəz edib.
Xatırladaq ki, əvvəlki mövsümlərlə müqayisədə bu mövsüm ciddi maliyyə problemlərindən əziyyət çəkən “Adana Dəmirspor” çox uğursuz çıxış edir. Komanda Türkiyə Super Liqasında 12 turdan sonra 2 xalla turnir cədvəlində sonuncu – 19-cu pillədə qərarlaşıb.
Mustafa Dalcı son olaraq “Manisa”ya rəhbərlik edib. O, 2023-cü ilin dekabr ayından çalışdırdığı Manisa təmsilçisindən bu ilin aprel ayında ayrılandan bəri işsiz idi. Dalcı daha öncə “Bayrampaşa”, “Küçükçekme”, “İstanbulspor”, “Kahramanmaraşspor”, “Mamak”, “Ankaraspor”, “Zonquldak Kömürspor”, “Ankaragücü”, “Gənclərbirliyi” kimi komandalara da rəhbərlik edib.