Avropa İttifaqının və ABŞ-ın Gürcüstanla bağlı siyasəti Qərbin bu qonşu ölkəni, belə demək olarsa, itirməsinə gətirib çıxarmaqdadır. Bütün bunlara səbəb odur ki, Gürcüstan müstəqil siyasət yürütməkdə, Qərb isə buna qarşı çıxmaqda israrlıdır. Elə bu da Tiflisi daha qəti addımlara sövq edir.
Bu barədə danışmazdan öncə xatırladaq ki, Gürcüstanda son parlament seçkilərindən sonra Qərblə Tiflis arasında münasibətlər daha da pisləşib. Hakim “Gürcü “Arzusu” yeni parlamentdə 150 yerdən 88-ni qazanıb. Dağınıq gürcü müxalifəti oktyabrdakı parlament seçkilərinin nəticələrini ədalətsiz sayır və mandatların ləğvinə çalışır. Hakim partiya yetrəsaya malik olduğundan Gürcüstan parlamenti hökumətin yeni tərkibini və qarşıdakı 4 illik fəaliyyət planını təsdiqləyib.Parlamentin sədri hökumətin tərkibini elan edib. Parlament baş nazir vəzifəsinə İrakli Kobaxidzeni təsdiqləyib. Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə bildirib ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək. Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib: “Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir". O, ölkəsinin Avropa İttifaqının qrantlarından imtina edildiyini açıqlayıb. Bu xəbərin ardınca prezident Salome Avropa İttifaqının Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə hakim partiyanın baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb. Zurabişvili xalqa təcili müraciətində xalqı belə demək olarsa, hakim partiyaya qarşı üsyana çağırıb: “Bu gün bu ölkədə yeganə qanuni institut mənəm, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya danışmaq hüququna malik olan yeganə insanam. Mən bunu edəcəm və sona qədər burada, sizin və ictimaiyyətin yanında olacağam”. Gürcüstan prezidenti “divandan qalxmağa və təslim olmamağa” çağırıb: “Televizor qarşısında oturanlara, ona baxmayanlara müraciət edirəm: ümidinizi itirməyin, heç kimə cəsarət edib bugünkü etirazı öldürməyə imkan verməyin. Dözümsüzlük, itaətsizlik və müqavimət - siz sona qədər sadiq olduğunuz kimi mən də buna sona qədər sadiq olacağam”. Zurabişvili Gürcüstanda baş verən son hadisələri “konstitusion çevriliş” kimi qiymətləndirib. Onun sözlərinə görə, “Gürcü Arzusu” hökuməti artıq heç nə gizlətmir, Avropa İttifaqı ilə danışıqlardan imtina etdiyini açıq şəkildə bəyan edir: “Bir neçə həftə, bəlkə də aylardır davam edən konstitusiya çevrilişi bu gün başa çatıb. Bu gün Avropadan Rusiyaya gedən yol başa çatıb. İnsanların bəlkə də belə olmadığına, başqa izahat ola biləcəyinə dair bütün şübhələr bu gün aradan qalxdı. Bu gün bu qeyri-legitim hakimiyyət öz xalqına, öz keçmişinə və gələcəyinə müharibə elan edib. Bu yolda Gürcüstanın dövlət suverenliyi, müstəqilliyi və Rusiyadan başqa gələcəyi yoxdur”. Bundan sonra Tiflisdə və digər ərazilərdə kütləvi aksiyalar başlayıb. Aksiyaya Zurabişvili də qoşulub. O, əraziyə cəlb edilən xüsusi təyinatlıların qarşısında dayanıb və onlara müraciət edib: “Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Siz kimə and içmisiniz? Mənə cavab maraqlıdır. Siz öz prezidentinizə cavab vermirsiniz”. Zurabişvili onları övladlarının gələcəyini düşünməyə çağırıb. Xüsusi təyinatlılar isə prezidentə cavab verməyiblər. Zurabişvili bir neçə təhlükəsizlik işçisi, etirazçılar və onlarla jurnalistin müşayiəti ilə ərazini tərk edib. Gürcüstan mediası bu anı tarixi adlandırıb, çünki prezidentin xüsusi təyinatlılarla nümayişçilər arasında dayanması presedenti olmayıb.
Bu arada isə bəlli olub ki, Gürcüstanda tezliklə prezident də dəyişəcək. Gürcüstanın altıncı prezidenti ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək. Prezident seçkiləri dekabrın 14-də Parlament Sarayında keçiriləcək. Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd 2/3 səs toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Keçmiş futbolçu, 53 yaşlı sağçı populist Mixeil Kavelaşvili “Gürcü Arzusu”nun antiqərb qolu olan “Xalqın gücü” partiyasının qurucularından biridir. Məhz bu partiya, prezident Salome Zurabişvili veto qoysa da, ötən il ölkədə geniş etirazlar doğuran xarici agentlər haqqında qanunu qəbul etdirib. Kavelaşvili hökumətyönlü etirazların birində qanun tənqidçilərinin ölkədəki durumu qızışdırmağa çalışdığını söyləyib. Ölkənin ən varlı şəxsi, keçmiş baş nazir, milyarder Bidzina İvanişvili Kavelaşvilinin “gerçək gürcü kişisinə xas” bütün özəlliklərə sahib olduğunu və “prezidentlik institutundan müvəqqəti alınan ləyaqət”i yenidən qaytaracağını bildirib. Maraqlıdır ki, hakim partiyaya, onun yanaşmalarına cəmiyyətdə də dəstək yükskdir. Qərbi narahat edən məqamlardan biri də məhz budur. Bunlar fonunda Avropa Parlamenti Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Gürcüstanın bəzi rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi tələb edilir, Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişi rejiminə yenidən baxılması təklif olunur. Qətnamədə qeyd olunub ki, son parlament seçkilərinin legitimliyi ciddi şəkildə pozulub və səsvermə zamanı qeydə alınan pozuntular Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun gəlmir, beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımamalıdır. Bununla Gürcüstanın daxili işlərinə açıq müdaxilə baş verib. Tiflis də məhz buna etiraz edir.
Nahid SALAYEV