AZ

Dərmanlar da tibbi sığorta hesabına pulsuz olacaq...

Image

Azərbaycanda bəzi dərmanların İcbari Tibbi Sığorta xidmətləri zərfi çərçivəsində vətəndaşlara verilməsi ilə bağlı gözlənilən yeniliklər cəmiyyətdə də böyük maraqla qarşılanır. 

Xatırladaq ki, bu barədə məsələnin Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapması gözlənilir. Layihəyə əsasən, ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək.

Əslində buna qədər də dərmanların İcbari Tibbi Sığorta çərçivəsində təşkili qanunda vardı. Ancaq ayrı-ayrı pasientlər vurğulayırlar ki, praktikada, bir qayda olaraq, dərmanların icbari sığorta ilə onlara verilməsi təmin edilmir. Bu dəfə isə qanuna müəyyən əlavələrlə bunun gerçəkləşəcəyi gözlənir. Üstəlik, indi qanunda veriləcək dərmanların adlarının da əks olunmasından bəhs edilir. Dəyişiklik təsdiq olunarsa, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Turan”a bildirilib ki, ilkin mərhələdə ürək-damar, daha sonra həzm və tənəffüs sistemi xəstəliklərinə qarşı dərmanlar qarşılanacaq: “Növbəti ildən qanunvericiliyə dəyişiklik öz təsdiqini taparsa, diaqnoz həkim tərəfindən qoyulandan sonra dərmanlar pasientlərə elektron resept əsasında veriləcək”. Vurğulanıb ki, vətəndaşlar agentliklə müqaviləsi olan apteklərə yaxınlaşıb həmin dərmanları sığorta hesabına alacaqlar: “Həmin dərman apteklərdə olacaq. Əgər vətəndaş eynitərkibli dərmanları almaq istəyəcəksə və qiymətdə fərq yaranarsa, vətəndaş sadəcə həmin fərqi özü ödəyəcək”.  İqtisadçı Zöhrab İsmayıl  belə praktikanın xarici ölkələrdə də olduğunu bildirir: “Amma orada dərmanları vətəndaşın müayinə olunduğu hospitallarda verirlər”. Ölkəmizdə hansı dərman vasitələrinin xidmətlər zərfinə daxil olacağı indidən bilinmir. Lakin bütün hallarda, dərman vasitələrinin də xidmətlər zərfinə əlavə edilməsi təqdirəlayiq haldır. İndiyə qədər məhdud şəkildə verilən preparatların siyahısı genişləndirilirsə, bundan vətəndaşlar faydalanacaq. Bu da icbari tibbi sığortanın vətəndaşa əlavə üstünlüklər qzazandırması deməkdir. Xatırladaq ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.   Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 25 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb. İşəgötürən işçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz sığorta haqqı ödəyir. Eyni qaydada da işçi ödəniş edir. Xidmətlər zərfi  isə İcbari Tibbi Sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlər zərfinə 3315 sayda tibbi xidmət daxildir. Bura aşağıdakı dərman və vasitələr daxil olunur: Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf; Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman və tibbi sərf; Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf.

İcbari Tibbi Sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. Bu fonda maraqlı bir məqamı da qeyd edək ki,  hazırda dünya əhalisinin ən azı yarısı hələ də əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmayıb. Milyonlarla insan xəstəliklər və tibbi xidmətlərin əlçatan olmaması səbəbindən dünyasını dəyişir, əlilliyi olan şəxsə çevrilir, iş yerini itirir, yoxsullaşır. Bunun qarşısını almaq üçün dövlətlər tərəfindən bir çox istiqamətdə islahatlar aparılır. Tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi hökumətlərin sosial siyasətinin prioritetlərindəndir. Hazırda təməl tibbi xidmətlərə əlçatanlığın təmin edilməsində ən mütərəqqi yol İcbari Tibbi Sığorta hesab olunur. İcbari Tibbi Sığorta, həmçinin səhiyyə infrastrukturunun yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xərclərin daha səmərəli istifadəsinə xidmət edir. Azərbaycanda icbari tibbi sığorta əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasına, səhiyyə sistemində şəffaflığın və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi personalın əməkhaqlarının yüksəlməsinə, əhalinin səhiyyə xərclərinin azalmasına ciddi müsbət təsir göstərir. Bir çox ölkələrdə icbari tibbi sığorta haqları hesabına fondlarda toplanan vəsait maliyyə bazarlarında dəyərləndirilərək gəlir əldə edilir. Bütün bunlar İcbari Tibbi Sığorta sisteminin cəmiyyət və iqtisadiyyat üçün nə qədər zəruri olduğunu bir daha sübut edir.  İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı xərclərin böyük bir hissəsi dövlət tərəfindən qarşılanır. Hamı ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardımdan istifadə edə bilir. Xüsusən də imtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödənilir. 18 yaşına çatmamış şəxslər, əyani təhsil alan tələbələr, işləməyən təqaüdçülər və aztəminatlı ailələr diqqətdə saxlanılır.

Ramil QULİYEV





Seçilən
17
baki-xeber.com

1Mənbələr