Müəllimlər cəmiyyətin ən əhəmiyyətli təbəqələrindən biridir. Onların rolu yalnız bilik verməklə məhdudlaşmır; onlar həm də gələcək nəsillərin formalaşmasında əsas pay sahibidirlər. Buna baxmayaraq, Azərbaycanda müəllimlərin sosial müdafiəsi hələ də arzu olunan səviyyədə deyil. Təhsil eksperti Kamran Əsədovun fikrincə, müəllimlərin yol xərcləri və kommunal xidmət haqlarından azad edilməsi onların rifahını artırmaq və tədris keyfiyyətini yaxşılaşdırmaq üçün zəruri bir addımdır.
Kamran Əsədov bildirir ki, müəllimlərin orta aylıq maaşı həyat xərcləri ilə müqayisədə kifayət qədər aşağıdır:"Azərbaycanda dövlət məktəblərində çalışan müəllimlərin orta maaşı 500-700 manat arasında dəyişir. Bu məbləğ isə əsas ehtiyacları – kirayə, kommunal xərclər, ərzaq və nəqliyyat üçün yetərli deyil. 2023-cü ildə aparılan araşdırmalara görə, Bakı şəhərində müəllimlərin aylıq yol xərcləri orta hesabla 40-60 manat təşkil edir. Bundan əlavə, kommunal xidmətlər – işıq, su, qaz və internet xərcləri aylıq büdcənin daha bir hissəsini götürür."
Əsədov qeyd edir ki, bu maliyyə yükləri müəllimlərin həm iş həyatına, həm də şəxsi rifahına mənfi təsir edir:"Əgər müəllim hər ay yalnız kommunal xərclər və nəqliyyat üçün maaşının 15-20%-ni xərcləməli olursa, bu, onların motivasiyasını azaldır və təhsilin keyfiyyətinə də təsir edir."
Ekspert hesab edir ki, müəllimlərin yol və kommunal xərclərdən azad edilməsi onların rifahını artırmaqla yanaşı, təhsil prosesində də müsbət nəticələr doğura bilər:"Bir tərəfdən, maliyyə yüngüllüyü müəllimlərin öz peşəkar inkişaflarına daha çox vəsait ayırmasına imkan verəcək. Məsələn, müəllimlər əlavə kurslara, təlimlərə və ya metodiki materiallara daha çox sərmayə qoya bilərlər. Digər tərəfdən, bu addım müəllimlərin cəmiyyətdəki nüfuzunu artıracaq, çünki onların sosial vəziyyəti yaxşılaşdıqca, işlərinə olan sevgiləri də artacaq."
Kamran Əsədov dünya təcrübəsindən də nümunələr gətirir. O bildirir ki, bir çox ölkələrdə müəllimlərə xüsusi sosial güzəştlər tətbiq olunur:"Finlandiyada müəllimlər təkcə yüksək maaşlarla təmin olunmur, həm də bir çox sosial xərclərdən azaddırlar. Məsələn, nəqliyyat xərclərinin müəyyən hissəsini dövlət qarşılayır. Sinqapurda müəllimlər kommunal xidmətlər üçün xüsusi subsidiyalar alır. Hətta qonşu Türkiyədə müəllimlərə yol xərcləri üçün aylıq ödənişlər edilir. Bu ölkələrdə tətbiq olunan siyasətlər təhsilin keyfiyyətinə və müəllimlərin motivasiyasına birbaşa təsir göstərir."
Kamran Əsədovun fikrincə, müəllimlərin yol və kommunal xərclərdən azad edilməsi üçün bir sıra praktiki addımlar atıla bilər:
Yol xərclərinin qarşılanması üçün subsidiya: Dövlət müəllimlər üçün xüsusi yol kartları təqdim edə bilər. Bu kartlar vasitəsilə nəqliyyat xərcləri ya tamamilə, ya da qismən ödənə bilər.Kommunal xərclər üçün güzəştlər: Müəllimlərin elektrik, su və qaz xərclərində güzəştlər tətbiq oluna bilər. Bu, xüsusilə regionlarda çalışan müəllimlər üçün vacibdir.Təhsil sahəsində çalışanlar üçün sosial paket: Müəllimlərin maaşlarından əlavə olaraq kommunal xidmətlər və nəqliyyat xərclərini əhatə edən xüsusi sosial paket hazırlanmalıdır.
Sonda Kamran Əsədov vurğulayır ki, müəllimlərin yol və kommunal xərclərdən azad edilməsi onların həyat keyfiyyətini yüksəltməklə yanaşı, təhsil sisteminə də müsbət təsir göstərəcək:"Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, yalnız onların şəxsi rifahını deyil, həm də gələcək nəsillərin keyfiyyətli təhsil almasını təmin edəcək. Dövlət bu sahədə konkret addımlar atmalıdır ki, müəllimlər özlərini daha dəyərli hiss etsinlər və yalnız təhsilin inkişafına fokuslana bilsinlər."
Bəhman Hüseynli