AZ

Britaniya parlamenti evtanaziyaya "HƏ" dedi

Böyük Britaniya parlamentinin aşağı palatası evtanaziyanı dəstəkləyən qanun layihəsinə ikinci oxunuşda dəstəkləyib.

 

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

 

Qanun layihəsinin müzakirəsi beş saat davam edib, bu müddət ərzində parlamentarilər şəxsi hekayələrini bölüşüblər və həyatın necə bitməli olduğu barədə fikirlərini bildiriblər. 330 deputat evtanaziyanın leqallaşdırılmasının lehinə, 275-i əleyhinə çıxış edib.

 

Yeni qanun layihəsi İngiltərə və Uelsdəki ölümcül xəstə yetkinlərə könüllü olaraq həyatlarını sona çatdırmaq üçün təhlükəsiz şəkildə müraciət etmək və kömək almaq imkanı verəcəkdir. Qanun layihəsi evtanaziyanın qanuniləşdirilmiş qətl üsuluna çevrilməməsi üçün bir sıra təminatları nəzərdə tutur. Belə ki, sağalmaz xəstəliyi olan konkret şəxsin evtanaziyasına icazə verilməsi barədə qərar iki müstəqil həkim və hakimdən ibarət şura tərəfindən veriləcək. Xəstənin gözlənilən ömür proqnozu altı aydan çox olmamalı, həyatına son qoymaq arzusunu aydın ifadə etməli, yaxınları və ya digər insanlar tərəfindən heç bir məcburiyyət olmamalıdır.

 

Bu yaxınlarda İngiltərədə evtanaziyanın leqallaşdırılması ilə bağlı ictimai rəy sorğusu keçirilib və nəticədə britaniyalıların 65%-nin bu addımı dəstəklədiyi məlum olub. Britaniyalıların yalnız 13%-i evtanaziyanın leqallaşdırılmasına qarşıdır.

 

Qanun layihəsi indi aşağı palatanın komitələrində müzakirəyə çıxarılacaq və üçüncü oxunuşdan sonra baxılmaq üçün Lordlar Palatasına təqdim olunacaq. Bütün bu prosedurun bir neçə ay çəkəcəyi gözlənilir.

Seçilən
8
modern.az

1Mənbələr