AZ

TÜRK XALQLARININ YENİ İNKİŞAF STRATEGİYASI: Heydər Əliyevin baxışlar sistemində

TDT – Bu abreviatura bu gün müasir dünya siyasi sistemi və düşüncəsinin ən aktual işarəsinə və inkarolunmaz faktına çevrilmişdir. O, dünyanın aparıcı siyasi qütblərinin hər birində açıq, ya gizli şəkildə daim müzakirə olunmaqda, ona münasibətdə hansı davranış modellərinin sərgilənməsi, nə kimi mövqelərin tutulması müəyyənləşdirilməkdədir. Çünki TDT adi bir abreviatura olmayıb, tarixən Avrasiya materikinin, Şimali Afrikanın, Şimali Amerikanın siyasi, demoqrafik, mədəni, iqtisadi və inzibati taleyini müəyyənləşdirmiş türk etnosunun müasir dünya məkanına yeni və qarşısıalınmaz aktor kimi daxil olmuş dövlətlər birliyini – “Türk Dövlətləri Təşkilatı” adlanan nəhəng gücü işarələndirir. İctimai şüur səviyyəsində türk xalqlarının siyasi, iqtisadi, mədəni birliyini funksionallaşdırmaqla dünya siyasi sisteminə kosmoloji tarazlıq, siyasi-mənəvi harmoniya gətirən Türk Dövlətləri Təşkilatı müasir dünya siyasətinin “qoca” ideoloqlarının ictimai şüur və psixologiyasında TURAN deməkdir. Bu mənada TDT, mahiyyət etibarilə türk etnosunun tarixi-siyasi əzəmətinin, etnik-mədəni gücünün, sosial-siyasi ədalətinin yenidən doğuluşu, dünya siyasətinin antimənəvi dəyərlərlə kirlənmiş, kibr, hiylə, fitnələrlə qaralmış qanına təmiz, pak və müqəddəs türk qanının qarışması və bununla da get-gedə məhvə doğru sürüklənməkdə olan planetimizin “türk ədalətinin” nümunəsində xilas olacağına ümid anlamını daşımaqdadır.

Dünya sivilizasiyasının elit şəxsiyyəti, Ümummilli Lider, türk xalqları və dövlətlərinin birliyinin əsas memarı Heydər Əliyev Azərbaycan və ümumən Qafqaz regionu üçün çox ağır olan illərdə türk xalqlarının etnik-mənəvi birliyi haqqında demişdir: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”

Təkcə nəhəng dövlət xadimi, siyasi lider olmaqla qalmayıb, eyni zamanda dərin dövlətçilik düşüncəsi və fəlsəfəsinə sahib olan Heydər Əliyevin bu fikrinin hər bir cümləsi, hər bir sözü ağır məna yükünə malik olub, türk etnosu tarixinin bütün siyasi təcrübəsini özündə əks etdirir. Bu cəhətdən Ulu Öndərin sözləri türk etnosunun birlik modelini özündə onun “sinergetik özünüyaratma” formullarına qədər əks etdirir. Həmin fikrin dərinliklərinə endikcə siyasi-fəlsəfi baxımdan aşağıdakı tezislər qarşımıza çıxır:

1. Heydər Əliyevin bu fikrində ilk növbədə türk xalqlarının əsrlər boyunca bir-birinə dost olması vurğulanır: “...bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar”.

Türk dilinin qlottogenetik ehtiyatlar sisteminə dərindən bələd olan, milli kimliyində Azərbaycan türkcəsinin ruhu hər zaman parlaq şəkildə təcəssüm olunan Heydər Əliyev burada “dost” kəlməsini bu sözün, sadəcə, ümumişlək səviyyəsində deyil, çox dərin qatlara və mürəkkəb semantik zənginliklərə malik etnofəlsəfi mənada işlətmişdir. Dostluq – münasibətlər modeli kimi, xoş, mehriban, sülhsevər davranışlar sistemini nəzərdə tutur. Ali baza təhsili etibarilə professional tarixçi olan Ulu Öndər türk xalqlarının keçmiş olduğu tarix yolunu çox gözəl bilirdi və bu tarixin kəşməkəşli məqamlarından, qardaş türk xalqlarının bir-biri ilə qanlı konfliktlərindən də çox gözəl şəkildə xəbərdar idi. Bu mənada, müdrik siyasətçinin nitqində xüsusiləşərək, mənadaşıyıcı vahidə çevrilmiş “dost” sözü yalnız dostluq münasibətlərini nəzərdə tutmur. Bu sözün alt qatında türk etnik yaddaşının, türk milli kimliyinin stixial mahiyyəti də ifadə olunmuşdur. Başqa sözlə, Heydər Əliyevə görə, türk xalqlarının biri-biri ilə dost olmaları, hər zaman dostluq içərisində yaşamaları türk xalqlarının tarixi və əbədi taleyidir.    

2. Ulu Öndər “dostluq” konseptinin əsasında ilahi-tarixi tale birliyinin durduğunu vurğulayır: “Biz bir kökdənik, biz birdilli xalqlarıq”.

Vahid kök, vahid mənşə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ən mühüm konseptlərindəndir. O, çox gözəl bilirdi ki, insanın, tayfanın, xalqın, millətin etnik mənşəyi onun kimlik sisteminin ən vacib və mühüm atributlarındandır. Ulu Öndər sovet ideoloqlarının süni və bayağı “irsiyyət” nəzəriyyəsinin əksinə olaraq, həmişə belə düşünmüş və bu əqidədə olmuşdur ki, insanın kök-mənşə baxımından kimliyi onun özünüdərkində çox böyük rol oynayır. Sovet epoxasının ən ağır dövrlərinin, qanlı-qadalı hadisələrinin, ideoloji-fiziki repressiyalarının tarixini çox gözəl şəkildə bilən Heydər Əliyev ən ağır repressiyaların, ən dözülməz işgəncələrin belə türk xalqlarının milli yaddaşından ortaq kök, qardaşlıq hiss və duyğularını silməyə gücü çatmadığını canlı şahidi olmuşdur. Ona görə də özünün dövlətçilik fəlsəfəsi və praktikasında türk xalqlarının etnopsixikasında instinktiv şəkildə mövcud olan “ortaq kök”, “ortaq dil” psixologemlərini müasir dövrdə türk xalqlarının birliyinin təşkilində əsas siyasi-ideoloji konseptlər şəklində tətbiq olunmasını hər zaman demiş, vurğulamış və həyata keçirmişdir. Bunu Böyük Öndərin dilə münasibətində xüsusilə aydın şəkildə görmək olurdu.

Rus dilinin hakim olduğu, açıq və gizli şəkildə ruslaşdırma siyasətinin aparıldığı sovet epoxasında Müdrik Öndər hər fürsətdə öz xalqı ilə onun ana dilində danışırdı. Daim xalqın içərində olmağa can atan Heydər Əliyevin Azərbaycan xalqı ilə ana dilində danışması insanların iç dünyasında milli duyğularını coşdurur, onlarda milli kimliyin gələcəyinə böyük ümidlər oyadırdı. İnsanlar – Azərbaycan xalqı sovet siyasi məkanının bu nəhəng siyasətçisinin nümunəsində ana dilimizin yaşadığını və yaşadıldığını görürdü. Bu cəhətdən, Heydər Əliyevin xüsusilə kənd əməkçiləri ilə Azərbaycan dilində danışması, sadəcə, onlarda xoş əhval-ruhiyyə yaratmaq məqsədilə deyildi, yaxud da kənd əməkçilərinin rus dilini pis bilmələrindən irəli gəlmirdi. Bu gün, məhz bu gün Türk Dövlətləri Təşkilatı kimi nəhəng siyasi gücün reallaşdığı bir dövrdə Heydər Əliyevin öz xalqı ilə ana dilində danışmasının mənası, əhəmiyyəti daha aydın şəkildə görünür. O, öz xalqına ana dilinin vasitəsilə milli-siyasi mesajlar ötürür, təlqin edirdi. Dahi rəhbər bilirdi ki, dil təfəkkürə və mədəniyyətə münasibətdə müəyyənedici vasitə olaraq dünyanın spesifik mədəni simasını dərk edən insanın şəxsiyyətini formalaşdıran amildir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu konteksdə Ümummilli Liderin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.

Əməli fəaliyyəti ilə gözəl bildiyi ana dilini özünün siyasi bəlağəti və natiqliyi ilə xalqın gözündə dəyərləndirir, ucaldır və bununla da ana dilini qorumağın vacibliyini, milli nicatın məhz ana dilini qorumaqdan keçdiyini nümayiş etdirirdi. Hətta tarixə nəzər salaq görərik ki, respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyevin milli dil siyasətində dilə, dilin inkişafına hörmət və qayğı sistem halındadır. 1970-ci illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin Respublika Dövlət Mükafatı alması məhz ana dilinə qayğı və hörmətlə bağlı idi. Eyni zamanda 1970-ci ildə ümumittifaq statuslu  türkoloji jurnalın nəşrə başlaması da Azərbaycan dilinin hörmətini qaldırmaq istəyindən irəli gəlirdi.

Bu cəhətdən, Heydər Əliyevin Türk Dövlətləri Təşkilatının quruculuğu illərində siyasi-ideoloji ritorikanı məhz “ortaq kök” və “vahid dil” konseptlərinin üzərində qurması, gördüyümüz kimi, təsadüfi olmayıb, Böyük Öndərin düşünülmüş milli siyasətinin təzahürü idi.

3. Heydər Əliyev ortaq etnogenetik və filogenetik kökdən boy ataraq müstəqil xalqlara çevrilmiş türk xalqlarının nə baş verirsə-versin öz kökündən ayrı düşə bilməyəcəyini xüsusi qeyd edir: “Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır”.

Bu cümlə türk xalqlarının sadəcə mədəniyyət oxşarlığının sadə bir konstatasiyası olmayıb, dahi siyasətçinin fəlsəfi-ideoloji baxışlar sisteminin əsas konseptlərindəndir. Belə ki, həmin konsept məhz Böyük Öndərin ümumi baxışlar sistemində dərin semantik zənginliklər səviyyəsində təzahür edir. Heydər Əliyevə görə, türk xalqlarının milli ənənələrinin yaxınlığı, bənzərliyi, oxşarlığı onların ortaq kökə bağlılığından, daha dəqiq desək, vahid kökdən, eyni milli nüvədən gəlmələrinin təzahürüdür.

Bu fikir ilk baxışdan çox sadə görünür. Lakin “oxşarlıq”, “yaxınlıq”, “bənzərlik” anlayışlarına etnik-milli fəlsəfə kontekstində yanaşdıqda tamam başqa bir mənzərə – Ulu Öndərin bütün ömrü boyu düşüncəsində yaşatdığı ideyalar gözlərimiz önündə canlanır. Bu cəhətdən, fəlsəfi fikir tarixinə nəzər saldığımızda dünya fəlsəfi sistemlərinə dərindən bələd olan Heydər Əliyevin eyni bir cümlənin içərisində “yaxınlıq”, “bənzərlik” və “oxşarlıq” anlayışlarını vahid bir məna sırası şəklində “düzməsinin” təsadüf olmadığı qənaətinə gəlirik.

Belə ki, Ulu Öndər öz nitqlərində heç vaxt təsadüfi bir söz, cümlə, fikir işlətməmişdir. Onun nitqlərinin hər bir cümləsi, abzası təkcə aid olduğu sahə ilə məhdudlaşmayaraq, həm də fəlsəfi məna daşımaqdadır. Bu cəhətdən, Öndərin yuxarıdakı cümləsinə “nitq poetikasının fəlsəfi strukturu” kontekstində yanaşdıqda insanı heyrətə salan mənalara da şahid oluruq. Dediklərimizi  əsaslandırmaq, hər bir sözün, ifadənin onun üçün nə qədər əhəmiyyət daşıdığını daha bir tarixi hadisə ilə  yada salmaq istəyirəm.

Heydər Əliyevin ana dilinə və doğma torpağa sıx bağlılığı Azərbaycanın yeni himninin müzakirəsi zamanı özünü bir daha büruzə verdi. O, Azərbaycana diyar, region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır, onun hüquqlarını qətiyyətlə qoruyur, hətta hər ifadə üstündə təkidlə israr edirdi.

Himn belə başlayırdı:

Azərbaycan – dünya görmüş bu şərəfli, şanlı diyar,
Vətən eşqi babalardan qalmış əziz bir yadigar,

Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində “respublika” sözü yoxdur.

Müzakirə zamanı Heydər Əliyev mətnə “respublika” sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə “respublika” sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: “Mən çox istərdim ki, “respublika” sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada “respublika” sözü olsun”.

Təkidlərdən, məntiqli izahlardan sonra mətnə “respublika” ifadəsi daxil edildi və bəyənilərək Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olundu:

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.

Bununla bağlı Azərbaycan rəhbəri deyirdi: “Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm”.

Ulu Öndər türk xalqlarının “yaxınlıq”, “bənzərlik” və “oxşarlığından” danışarkən məsələyə yalnız oxşarlıqları kontekstində yanaşmamış, bu doğmalığın onlara əks olan xassələrdən də törəndiyini nəzərdə tutmuşdur. Başqa sözlə, Heydər Əliyev göstərməyə və anlatmağa çalışmışdır ki, türk xalqlarının birliyi fəlsəfi mənada həm də “oppozitiv” sistemdir: bu sistemdə qarşılıqlı münasibətlərin olması materiyanın qanunauyğunluqlarını inikas edir. Türk dövlətlərinin arasında tarixən konfliktlərin olması, onların bir-biri ilə ağır və qanlı savaşlar aparması, nə qədər qəribə görünsə də, bu xalqların məhz doğmalığından irəli gəlirdi. Onlar doğmalıq kimi ortaq keyfiyyətə, yaxud N.S.Trubeskoyun dediyi kimi, “müqayisə əsasına” malik olduqları üçün vahid oppozitiv sistemdə birləşə bilirdilər. Ulu Öndər bununla da aralarında zaman-zaman ciddi konfliktlərin olduğu türk dövlətlərinin biliyinin ilahi-tarixi tale olduğunu müasirlərinin diqqətinə çatdırırdı.

4. Heydər Əliyev məhz ortaq milli ənənələrin türk xalqlarının tarixinin bütün mərhələlərində onları ayaqda saxladığını vurğulayır: “Bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb”.

Ulu Öndərin diqqət mərkəzinə gətirdiyi bu məqam çox mühüm olub, əslində, türk etnosunun əsrlərin, minilliklərin fövqünə qalxan yaşam gücünün onun daxili potensialından, genetik stixiyasından, etnosomatik instinktlərindən  irəli gəldiyini göstərir. Doğrudan da, türk etnosunun tarixi eniş-yoxuşlarla zəngindir. Bu proseslərin heç biri türkləri tarix səhnəsindən birdəfəlik silib yox edə bilməmişdir. Kökləri yerin dərinliklərinə işləmiş nəhəng ağac dibindən kəsildikdə belə o, daim var gücü ilə pöhrələndiyi, böyüdüyü, ucaldığı kimi, türk xalqları da öz genetik doğmalıq enerjisindən güc alıb, bir-birinə dəstək vermiş və yenidən ucalmışlar. Heydər Əliyev bununla türk xalqlarının gələcəyə gedən yolunun onların tarixi inkişaf təcrübəsindən keçdiyini vurğulamış, türkün minillərin, eraların fövqünə qalxan dövlətçilik fəlsəfəsinin onun gələcəyə gedən yolunun ən etibarlı bələdçisi olduğunu təsbit və təsdiq etmişdir. Bununla bağlı bir tarixi hadisəni də sizinlə bölüşmək istəyirəm.

1985-ci ildə SSRİ rəhbərliyinə gətirilən, ermənilərin çox olduğu Stavropol kimi bir bölgədə I katib işləyən M.Qorbaçovun müsəlman-türk xalqlarına olan anormal münasibəti özünü çox gözlətmədi. Sov.İKP. MK-nin baş katibi seçilən M.Qorbaçov uzun illər Qazaxıstana uğurla rəhbərlik etmiş Sov.İKP. MK Siyasi Bürosunun üzvü Dinməhəmməd Kunayevi heç bir lüzum olmadan vəzifədən çıxararaq yerinə Moskvadan göndərilən Kolbini qoymuşdu. Qazaxların buna kütləvi etirazını M.Qorbaçov ilk dəfə ordunun qüvvəsindən istifadə edərək qırğınlar törətməklə, qanunsuz həbslər həyata keçirməklə yatırtmışdı.

Qazaxıstan, Almatı  hadisələri Siyasi Büro üzvləri arasında kəskin fikir ayrılığına səbəb olmuşdu. Buna etiraz bildirən Siyasi Büronun üzvü Heydər Əliyev və Siyasi Büro üzvlüyünə namizəd Şərəf Rəşidov arzuedilməz şəxslərə çevrilmişdilər. Belə ki, onlar türk xalqlarınin milli-mənəvi dəyərlərindən xəbəri olmayan birinin rəhbər olmasına etiraz edirdilər.

5. Ulu Öndərin sonuncu tezisini türk xalqlarının gələcəyə gedən yolunun manifesti kimi də səciyyələndirmək olar: “İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

Diqqət edək: Müdrik Siyasətçi türk xalqlarının bundan sonrakı inkişaf strategiyasının əsasında bir əsas konseptin durmasını fundamental hesab etmişdir. Bu – “tarixi ənənələr” anlayışıdır.

Tarixi ənənələr – hər bir xalqın düşüncə və mədəniyyət sisteminin mühüm hadisəsidir. Azərbaycan və türk xalqlarının milli mədəniyyət, ədəbiyyat və incəsənət tarixini çox gözəl bilən Heydər Əliyevin fəlsəfi baxışlar sistemində “tarixi ənənələr” konkret faktlara söykənən və konkret məzmuna malik konseptdir. Bu anlayışı isə Heydər Əliyev şəxsiyyətinin, mədəni kimliyinin səciyyəvi cəhətlərini nəzərə almadan anlamaq, dərk etmək mümkün deyildir. Göründüyü kimi, Ulu Öndərin tarixi ənənələri vurğulaması, dövlətçilik siyasətində xüsusiləşdirməsi onun zəngin idarəçilik və dövlətçilik fəlsəfəsindən irəli gəlirdi. Təsadüfi deyildir ki, bütün insani və siyasi ruhu Heydər Əliyev kimi fenomenal şəxsiyyətin yanında formalaşmış Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz həmin kursu davam və inkişaf etdirir.

Sadiq Qurbanov, 
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Seçilən
19
ikisahil.az

1Mənbələr