AZ

Vasili Berezutski: “Sabah”ın təklifindən imtina edə bilməzdim”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt klubundakı debüt matçında 1:0 hesablı qələbəyə sevinən rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasındakı ilk oyunu ilə bağlı bunları söyləyib:

“Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiniz.

Elvin Camalovun ehtiyatda qalması, Pavol Şafrankonun kapitan seçilməsi məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.

Komandam barədə fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq. Əsas hədəfimiz avrokuboklara düşməkdir. Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur”.

Vasili Berezutski “Sabah”dan aldığı dəvətdən və paytaxt klubu sabiq baş məşqçisi Murad Musayevdən də söhbət açıb:

“Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirəm. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün “Sabah”ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim. Təklif gələndən sonra Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzuladı. Azərbaycan futbolu haqda onu bilirəm ki, “Qarabağ” avrkuboklarda oynayır. “Sabah” da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla birlikdə PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən belə nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur. Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik”.

“Bu, məndən əvvəl olan problemdir” – Cavid Hüseynov

“Səbail”in baş məşqçisi, təyinatından sonra ardıcıl kinci məğlubiyyətini alan Cavid Hüseynov isə oyuna belə şərh verib:

“Rəqibi təbrik edirəm. Oyunun çətin olacağı məlum idi. Çünki heyətlə bağlı problemimiz var. Geniş heyətimiz yoxdur. Ən çox əziyyət çəkdiyimiz məqam da hücumdadır. Hücumda çox dişsizik. Oyun şəkli var. Hücum fazasında çox çatışmazlıq mövcuddur. Bu da hücumçuların olmaması ilə bağlıdır. Üzərimizə düşən vəzifə odur ki, qışa qədər səbir edək. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Çətin olsa da, başqa şansımız yoxdur. Komandaya hücumçu lazımdır. Transferlərlə bağlı iş gedir. Bəyəndiyimiz oyunçular var. Açıqlaya bilmərəm. Konkret bir şey yoxdur. Danışıqlar gedir. Zamanla hər şey bəlli olacaq. Planımızda almaq istədiyimiz futbolçu daha çoxdur. Sadəcə, hələ bəlli deyil. Zədəlilərimiz də çoxdur. Madi Keta və Gitay Sofir 4 gündür ki, komandaya qoşulublar. Mən gələnə qədər 7 futbolçu zədəli idi. Ayman Bualinin zədəsi bir həftə sürəcək. Heyətlə bağlı durum ürəkaçan deyil.

Bu qədər zədəlinin olması məndən əvvəl olan problemdir. Bu haqda danışmağı düzgün hesab etmirəm. Fakt odur ki, bu qədər futbolçumuz zədəlidir. Səbəblər haqda danışmaq istəmirəm”.

Seçilən
12
arena.az

1Mənbələr