Azər Həsrət: “Bir dövlət qurumu çıxıb bir açıqlama versin, bütün o şayiələrə, söz-söhbətlərə, bütün Məmmədovların bu məsələyə calanmasına son qoyulsun”
İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe, polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovun kimin qohumu olması axtarışları medianın gündəmindən düşmür. Diplomatın 70 kilo qızıl olayı barədə iki həftədir məlumat yayılıb.
Maraqlıdır ki, Q.Məmmədovu az qala ölkədəki bütün Məmmədovlarla bağlayırlar. Gah dedilər ki, o, akademik Qərib Məmmədovun qardaşıdır, sonra yazılanları təkzib edib “akademik Qərib Məmmədovun qardaşı deyil” dedilər. İndi də yazırlar ki, o, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, general-mayor Cavanşir Məmmədovun qardaşı oğludur. Bu məsələdə o qədər qeyri-dəqiqlik mövcuddur ki, az qala onu ölkədəki Məmmədov soyadı daşıyan bütün tayfalara bağlamaq istəyirlər. Bu da, təbii ki, məlumatsızlıqdan irəli gələn məsələdir və bu hadisə ilə bağlı ictimaiyyətə etibarlı mənbələrdən məlumat verilməməsinin nəticəsidir.
Belə fikir ayrılığı şəraitində çıxış yolu nədən ibarətdir? Yalan məlumatlar yayılır, biri düz deyir, o biri yalan deyir. Bir rəsmi açıqlama verməklə bu məsələyə son qoymaq olmazmı?
“Mən informasiya verməli olan qurumlara çağırış edirəm ki, bizi informasiyasız qoymayın”
Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Əlbəttə, bu barədə mənim də mediadan aldığım informasiyalar var, oxuyuram və əcaib-əcaib şərhlərə də baxıram. Həqiqətən, məni də düşündürür ki, niyə çıxıb bir rəsmi açıqlama verən yoxdur? Bizə lazımdır ki, hansısa bir dövlət qurumu çıxıb bir açıqlama versin, bütün o şaiyələrə, söz-söhbətlərə, bütün Məmmədovların bu məsələyə calanmasına son qoyulsun” - deyə bildirdi.
A.Həsrət təəssüflə vurğuladı ki, bu məsələ bizdə həqiqətən də ciddi problemdir. Siyasi şərhçinin sözlərinə görə, bəzən bir informasiya günlərlə dövriyyədə olur, tirajlanır, amma baxırsan ki, bu haqda məlumat verməli olan rəsmi dövlət qurumları, strukturlar susur. “Rəsmi dövlət qurumları susduqca da ortalığı qarışdırmaq istəyən, yaxud da kimi gəldi gözdən salmaq niyyəti güdən adamlar əl-qol açır və hər kəsə çamur atırlar. Bunun qarşısını almağın tək yolu, əlbəttə ki, rəsmi informasiyanın verilməsidir. Zatən, cidanı çuvalda gizlətmək olmaz. Yəni əgər kimsə düşünürsə nəyisə gizlədir, amma bunu gizlətmək olmur. Fakt olubsa, informasiya yayılıbsa, ola bilər yalan informasiyadır, heç doğru da deyil. O da ola bilər. Yalandırsa onun yalan olduğunu desinlər, doğrudursa, əlbəttə ki, doğru olduğunu qeyd etsinlər, istintaq sirri sayılmayacaq qədər informasiyanı ictimailəşdirsinlər. Yəni bunu etmək elə də çətin məsələ deyil. Niyə etmirlər, bunu anlaya bilmirəm. Əslinə qalanda, bunu etməyənləri qınayıram. Bizim dövlət qurumları biz jurnalistləri də pis vəziyyətə qoyurlar. Xəbər yazmaq, bu məsələləri şərh etmək, yaxud bu cür alayarımçıq informasiyalardan istifadə edib Azərbaycanın üstünə gəlmək istəyənlərə cavab vermək üçün bizim əlimizdə “silah” - informasiya olmalıdır. Yəni bizim silahımız informasiyadır. O informasiya verilmir, biz də baxa-baxa qalmışıq. Şəxsən, mən bu məsələyə ilk dəfədir reaksiya verirəm. Baxmayaraq ki, neçə gündür gündəmdədir, kim necə gəldi şərh edir, bugünə qədər mən heç bir reaksiya verməmişəm. Bilirəm ki, cəmiyyətin bəlli bir kəsimi məndən də reaksiya gözləyir. Amma niyə reaksiya vermirəm? Çünki əlimdə tutarlı informasiya yoxdur. İndi verdiyim reaksiya da əslində reaksiya deyil, ona görə ki, mən o hadisə ilə bağlı heç nə demirəm. Mən informasiya verməli olan qurumlara çağırış edirəm ki, bizi informasiyasız qoymayın” - deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA