Neymarın vətənə mümkün dönüşü ilə bağlı xəbəri həmkarımız Sesar Luis Merlo sosial şəbəkə hesabında yayıb. Onun iddiasına görə, artıq ulduzun yaxın ətrafı ilə “Santos” sövdələşməni razılaşdırıb. İndi yalnız “Əl-Hilal”la məsələni həll etmək qalır. Forvardın keçidinin Braziliya çempionatının 2-ci liqasında mövsüm başa çatandan sonra elan olunması planlaşdırılır. Çempionatın qalibi olan “Santos” sonuncu oyununu noyabrın 25-də “Sport Resife”yə qarşı keçirəcək.
Elə bu il dəfələrlə Neymarın doğma kluba keçidi ilə bağlı şayiələr gəzib. O, apreldə komandanın ev oyununu izləyib və hətta paltardəyişmə otağına da daxil olub. Braziliyalı ulduz həmin vaxt futbolçulara və personala 2025-də dönməyi planlaşdırdığını demişdi. Ancaq sonrada bu xəbəri təkzib etdi:
“Belə ehtimal yoxdu. Deyilənlər yalandı, mən heç nə planlaşdırmamışam. Müqavilə ilə hələ bir il də “Əl-Hilal”a bağlıyam. Yaxşı mövsüm keçirəcəyimə ümid edirəm, əvvəlki mövsümü zədə üzündən buraxmışam. Yaşayarıq, görərik, irəlidə hələ vaxt çoxdu. Aydın məsələdi ki, “Santos” sevimli komandamdı, günün birində ora dönmək istəyirəm, ancaq hələ ki konkret planlarım yoxdu”.
Belə görünür ki, daha bir zədə futbolçunu qərarını dəyişməyə məcbur edib. Bəs “Palmeyras” variantı necə olacaq? Bu klubun prezidenti Leyla Pereyra Neymarla müqavilə imzalamaq ehtimalını inkar edib, odu ki, “Santos”un onun uğrunda mübarizədə Braziliyada rəqibi yoxdu:
“Neymar əla futbolçudu, ancaq “Santos”a keçəcək. Hərçənd bunu da dəqiq bilirəm, özündən soruşmağınız yaxşıdı. O, bizim kluba gəlməyəcək. “Palmeyras” xəstəxana deyil. “Palmeyras”ın oynamağa hazır olmayan futbolçularla müqavilə bağlamasını qəbul edə bilmərəm”.
Xatırladaq ki, Neymar ötən ilin avqustunda PSJ-dən “Əl-Hilal”a keçib və bu klubun heyətində 5 oyun (1 qol, 3 məhsuldar ötürmə) keçirəndən sonra ciddi zədə alıb. Oktyabrın 21-də uzun fasilədən sonra yaşıl meydana dönüb. Amma noyabrın əvvəlində, yəni “Əl-Hilal”ın heyətində iki oyunda 43 dəqiqə görünəndən sonra braziliyalı budunu zədələyib və 4-6 həftəliyə sıradan çıxıb.
Neymarın klubla müqaviləsinin müddəti gələn il iyunun 30-na qədərdi. Ancaq “Əl-Hilal” rəhbərliyi onun zədəyəmeyilli olmasından çox narazıdı.