10 ildə xammal və tullantıların təkrar emalı 19,5 dəfə artıb
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən açıqladığı rəsmi rəqəmlərə görə, son 10 ildə Azərbaycanda atmosferə atılan çirkləndirici maddələrin həcmi 11milyon 638,4 min ton olub və bunun da 83,76 faizini və ya 9 milyon 748 min tonunu avtomobil nəqliyyatından atmosferə buraxılan çirkləndirici maddələr təşkil edib. Qalan 16,24 faizini, yəni 1 milyon 890,4 min tonunu stasionar mənbələrdən atılan çirkləndirici maddələr tutub.
MTM-nin məlumatında bildirilir ki, hər il Azərbaycanda atmosferə atılan çirkləndirici maddələrin 82-85 faizini avtomobil nəqliyyatından buraxılan maddələr təşkil edir. Son 10 ildə Azərbaycanda atmosferə atılan çirkləndirici maddələrin həcminə ayrı-ayrılıqda diqqət etsək, bu göstəricinin 2013-2019-cu illərdə yüksək, lakin 2020-ci ildə kəskin endiyini görə bilərik. Buna səbəb isə dünyada mövcud olan COVID-19 virusuna görə Azərbaycanda karantin rejiminin tətbiq edilməsi olub. Belə ki, həmin il həm stasionar mənbələrin böyük əksəriyyətinin, həm də bir sıra təhsil və digər müəssisələrin qapalı olması nəqliyyatdan istifadəni minimuma endirib və nəticədə atmosferə 25,1 faiz daha az çirkli maddə buraxılıb.
Sonrakı illərdə bu göstərici artan xətlə davam etsə də, pandemiyadan öncəki mənfi göstəriciyə çatmayıb. Bu, əlbəttə ki, son illər ölkəmizdə ekoloji təmiz minik avtomobillərinin sayının sürətlə artması və stasionar mənbələrin atmosferə buraxdığı çirkləndirici qazların normasına ciddi şəkildə nəzarət edilməsi ilə bağlıdır.
Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə su itkilərinin həcmi azalır. Yalnız 2018, 2019 və 2022-ci illərdə bu göstərici cüzi olaraq artıb. Ötən il itkiyə gedən suyun həcmi 3 milyard 34 milyon kubmetr olub və bu da 2022-ci illə müqayisədə 8,4 faiz azdır.
Keçən ilin rəqəmlərini 10 il əvvəllə müqayisədə etdikdə isə su itkisi ilə bağlı göstəricinin, ümumilikdə, 41,1 faiz azaldığını görə bilərik. Azalmanın əsas səbəblərindən biri son illərdə kənd təsərrüfatında damcılı suvarma üsulundan istifadənin genişlənməsidir.
Azərbaycanda bərpaolunan şirin su ehtiyatlarının həcmi 2023-cü ildə 4,6 faiz artaraq 17 min 819 milyon kubmetrə çatıb. Bərpaolunan şirin su ehtiyatları daxili axın və qonşu ölkələrdən səth sularının axını sayəsində formalaşır. Daxili axın isə yağıntıların miqdarı ilə faktiki buxarlanmanın fərqindən əmələ gəlir. Qeyd edək ki, ən yüksək bərpaolunan su ehtiyatı 2016-cı ildə 19 min 830 milyon kubmetr, ən az isə 2020-ci ildə 13 min 915 milyon kubmetr olaraq qeydə alınıb.
Onu da qeyd edək ki, hər il bərpaolunan şirin su ehtiyatlarının 70-80 faizini qonşu ölkələrdən səth sularının axını təşkil edir. Son 10 ildə şəhər sutəmizləmə stansiyalarında çirkab sularının təmizlənməsi üzrə göstəricilər müsbət istiqamətdə dəyişib. Daha dəqiq desək, 2022-ci ildə bu göstərici 2013-cü il ilə müqayisədə 37,7 faiz artıb. Rəsmi rəqəmlərə əsasən, 2022-ci ildə şəhər sutəmizləmə stansiyalarında təmizlənən çirkab sularının həcmi sutkada 743 min kubmetr olub ki, bu da əvvəlki il ilə müqayisədə 2,5 faiz çox deməkdir.
Ötən 10 ildə təkrar xammal və tullantıların əmələ gəlməsi üzrə göstəricilərə diqqət yetirsək, bu sahə üzrə də böyük işlərin aparıldığını görə bilərik. Belə ki, 2013-cü ildə təkrar xammal və tullantıların təkrar emalı həcmi 3,4 min ton idisə, ötən ilin yekununda bu rəqəm 66,3 min ton olub. Bu isə sözügedən dövrdə təkrar xammal və tullantıların təkrar emalının 19,5 dəfə artması deməkdir. Bununla yanaşı, 2023-cü ildə əvvəlki illə müqayisədə 28,7 faiz daha çox təkrar xammal və tullantıların təkrar emalı prosesi həyata keçirilib.
Ümumilikdə, son 10 ildə 305,2 min ton təkrar xammal və tullantıların təkrar emalı reallaşıb ki, bunun da 81,91 faizini və ya 250 min tonunu kağız-karton məmulatlarının təkrar istehsalı təşkil edir.
MTM-nin məlumatına əsasən, Azərbaycanda məişət tullantılarının təkrar istehsalı məqsədilə 2 əsas müəssisə fəaliyyət göstərir ki, onlardan biri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, digəri isə Bakı Bərk Məişət Tullantılarının Yandırılması müəssisəsidir. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu qabaqcıl alman texnologiyaları əsasında qurulub və illik fəaliyyət gücü 200 min tondur. Burada çeşidlənmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik və digər xammallar ayrılır.
Tullantıların yandırılması isə 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda həyata keçirilir. Müəssisə dördüncü nəsil texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlarına tam uyğun şəkildə qurulub. Müəssisə atmosferə zərərli maddə atmır, tullantılar xüsusi vasitələrlə tam zərərsizləşdirilir. İllik gücü isə 500 min ton məişət və 10 min ton tibbi tullantının yandırılmasıdır. Tək 2023-cü ildə məişət tullantılarından istifadə hesabına 223 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Ümumilikdə, son 10 ildə təbiətin mühafizəsinə ölkəmizdə 3,16 milyard manat pul xərclənib. 2023-cü ildə təbiətin mühafizəsinə çəkilən bütün xərclər sözügedən dövrün rekord həddinə (677,4 milyon manat) çatıb və əvvəlki il ilə müqayisədə 193 faiz və ya 2,9 dəfə çox olub.
Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb və həmin il təbiətin mühafizəsinə çəkilən xərcin məbləği 398,2 milyon manat olub.