Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz statusu verilmiş şəxslərin sayı ilbəil artır. Artım əsasən 35 yaşdan yuxarı şəxslərlə bağlıdır. Belə ki, 2023-cü ildə ümumilikdə 35 yaşdan yuxarı 120354 nəfər işsiz kimi qeydə alınıb. 2019-cu ildə isə bu rəqəm 36287 nəfəri təşkil edib.
2023-cü ildə 35 yaşdan yuxarı 68273 kişi işsiz kimi qeydə alınıb. Bu yaşlarda olan işsiz qadınların sayı isə 52081 nəfəri təşkil edib.
Rəqəmlər Azərbaycanın hazırki işçi qüvvəsi ilə bağlı təsəvvürü formalaşdırır. Gənc kadrlara olan maraq 35 yaşdan yuxarı əhalini işçi qüvvəsindən çıxarmağa başlayıb.
Bu cəmiyyətin sosial rifahına necə təsir edir?
Sosioloq Lalə Mehralı Bizim.Media-ya bu barədə danışıb. O, qeyd edib ki, 35 yaşdan yuxarı olan insanların işə götürülməməsi cəmiyyətdə ciddi problemlər yaradır:
“Kişilər üçün iş tapmaq daha asan olsa da, bu yaşda qadınlar üçün iş tapmaq çətindir. İşə götürən zənn edir ki, bu yaşda olan insanların enerjisi zəifdir, yaşla əlaqəli problemləri çox olur. Biz vakansiyalara baxsaq, görərik ki, onlar daha gənc təbəqəyə xitab edərək tərtib olunur.
Amma gəlin düşünək, 45 yaşından sonra bu insanlar işlə təmin olunmazsa, pensiya yaşına qədər necə yaşamalıdır?
Əgər həyat yoldaşı da yoxdursa və yaxud da ki, ailəyə çörək gətirə bilən tək qadındırsa, bu kimi hallarda bəs o rifahını necə təmin eləməlidir? Heç bir yerdən gəlir yoxdursa, pensiya yaşına da hələ 20 ildən də artıq vaxt var. Əvvəllər qadınlar 51-53 yaşlarda pensiyaya çıxa bilirdi, 3 və daha çox uşağa görə sosial müavinət ala bilirdi. Amma bir neçə ildir ki, artıq onu da ləğv ediblər”.
Nuray, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta