Venesuela Prezidenti Nikolas Maduro “Fələstin xalqı ədalətə layiqdir və bütün bəşəriyyətin dəstəyi ilə gec-tez qalib gələcək” deyib.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Karakasda keçirilən "Beynəlxalq Fələstinlə Həmrəylik Konfransı" çərçivəsində danışan Maduro, Fələstin davasına ən güclü şəkildə dəstək verməyə davam edəcəklərini bildirib:
“Ədalətli dünya yaratmaq üçün keçən əsrdən miras qalan mübarizələrin səbəblərinə baxsanız, Fələstin davası insanlığın ən haqlı davasıdır. Bu, insanlığı birləşdirən bir davadır".
ABŞ, Avropa və Latın Amerikasının ifrat sağçılarını İsrailin Fələstində törətdiyi soyqırımda şərik olmaqda ittiham edən Maduro, faşizm və sionizmlə qlobal mübarizə çərçivəsində Fələstini və onun hüquqlarını müdafiə edəcəklərini bildirib.
Fələstin xalqının öz müstəqil dövlətinə sahib olma haqqını qətiyyətlə dəstəklədiklərini vurğulayan Maduro, "Bu gün Fələstində canlı bir soyqırımın şahidi oluruq. Hər gün uşaqlara, qadınlara və kişilərə qarşı törədilən cinayətlərdən çox əziyyət çəkirik" deyib.
Fələstinin yaşamaq, müstəqillik və varlıq haqqının müdafiəsinin əhəmiyyətinə toxunan Maduro, Fələstin davasının Venesuela, Latın Amerikası və Karib hövzəsinin mövcudluq haqqı qədər əhəmiyyətli olduğunu bildirib.