İsrailin Qəzzanın şimalında “Cibaliya” qaçqınlar düşərgəsi və Beyt Lahiyyədə həyata keçirdiyi hücumlarda son 24 saatda 100-ə yaxın fələstinlinin öldürüldüyü açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fələstin Mülki Müdafiə İdarəsinin Qəzza zolağındakı sözçüsü Mahmud Basal açıqlama verib.
"İsrailin “Cibəliyyə” və Beyt Lahiyyədə son 24 saatda həyata keçirdiyi qırğınlarda 100-ə yaxın fələstinli şəhid olub” deyən Basal ölənlərdən 75-nin cəsədinin Əhməd və Əl-Baba ailələrinin bombalanan iki evindən çıxdığını, qalanlarının isə ayrı-ayrı ərazilərdə olduğunu bildirib.
Basal qeyd edib ki, İsrailin Qəzzanın şimalına hərbi hücumlarının başlamasından bu yana həlak olan fələstinlilərin sayı 2700-ə çatıb, yaralananların sayı isə 10 mini keçib.
Baş verənləri tam bir fəlakət və soyqırım kimi xarakterizə edən Basal, hər gün bir çox ailənin bombalandığını və fələstinlilərin bölgəni tərk edə bilmədiyi üçün baş verən hadisələrin çoxunu bilmədiklərini sözlərinə əlavə edib.
İşğalın fələstinlilərin su doldurmaq, yemək axtarmaq və ya yanacaq toplamaq üçün evlərinin xaricindəki bütün hərəkətlərini hədəf aldığını ifadə edən Basal, “İsrailin davam edən hücumları səbəbilə Qəzza zolağının şimalındakı bütün bölgələrində hələ də Mülki Müdafiə dayandırılıb və oradakı minlərlə fələstinli humanitar və tibbi ehtiyaclardan əziyyət çəkirlər" deyib.