AZ

Alan razı, Satan yox - Kompensasiya necə hesablanmalıdır? AÇIQLAMA

Söküntü aparılan ərazilərdə ən çox mübahisə kompensasiya məbləği ilə bağlı olur.

Milli.Az xəbər verir ki, tikinti şirkəti sakinlərə normal məbləğ təklif etdiyini iddia etsə də, sakinlər bu məbləğin az olması ilə bağlı narazılıq edirlər. Adətən belə məsələlərdə vətəndaşlar razı qalan tərəf olmur.

Bəs söküntü aparılaan ərazilərdə kompensasiya məbləği necə hesablanmalıdır?

Məsələ ilə bağlı hüquqşünas Xeyal Bəsirov bildirir ki, kompensasiya hesablanarkən uzun illərdir olan dəyişikliklər, inflyasiya və digər iqtisadi proseslərin nəzərə alınmamasıdır.

"İnsanlara 10-15 il əvvəl müəyyənləşdirilmiş eyni rəqəmlərlə kompensasiya ödənilməsinə cəhd göstərilir. O zamanlar ayrı-ayrı ərazilərdə hər kvadrata görə 1500-2000 civarında kompensasiya ödənilirdi. Bir sıra hallarda sovet evlərində mənzillərin sahəsi çox kiçik olur. Bu mənzillərin kvadratı kiçik olduğu üçün vətəndaşlar verilən o pulla Bakı şəhərində mənzil almaqda çətinlik çəkirlər".

Məsələ necə tənzimlənməlidir ki, vətəndaş narazı qalmasın?

Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanov qeyd edir ki, qaydaya əsasən tərəflər arasında razılıq əldə olunarsa, şirkət vətəndaşı tikilən binada mənzillə təmin etməlidir.

"Bu, mövcud kvadrat metrdən 20 faiz artıq olmalıdır. İkinci variant isə 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzildə təklif edilə bilər. Digər variant isə mənzilin bugünkü bazar dəyərində pul üstəgəl narahatlığa görə əlavə ödəniş ola bilər".

Qeyd edək ki, bu cür mübahisəli məsələlərin həllinə kömək üçün bu il 27 oktyabrda Azərbaycan Qiymətləndiriciləri üçün Nazirlər Kabinetinin qərarı əsasında Dövlət İmtahanı Mərkəzi tərəfindən imtahan keçirildi. İmtahan nəticəsində 106 şəxs bu imtahandan uğurla keçərək DİM tərəfindən verilən sertifikatla təmin olunub. Şirkətlərin təklif etdiyi kompensasiyadan narazı qalan vətəndaşlar məsələsini məhkəmə yolu ilə də həll edə bilərlər.

Aysel Əkbər
Milli.Az

Seçilən
13
milli.az

1Mənbələr