AZ

Yeni il məşhur müğənnilərlə Qarabağda qeyd etmək istəyənlərə neçəyə başa gələcək?

Yeni ilə sayılı günlər qalıb. Bayramla əlaqədar bir neçə gün qeyri-iş günü olacaq. Bu baxımdan bayramı qeyd etmək üçün fürsətdən istifadə edənlər də az olmayacaq. Adətən bayram ərəfəsində Azərbaycan vətəndaşları Yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər. Yeni ili qarşılamaq üçün bölgələrə üz tutanlar az deyil. Bundan başqa işğaldan azad edilmiş torpaqlarda da Yeni ili qarşılamaq istəyənlər var. Bəs görəsən Qarabağda yeni ili qarşılamaq insanlara neçəyə başa gələcək?
 
Moderator.az olaraq bu mövzunu araşdırıb Qarabağdakı otellərin yeni il qiymətləri ilə maraqlanmışıq. Şuşada fəaliyyət göstərən “Xarıbülbül” otelində yeni il bayramı günü proqram təşkil olunacaq:
 
“Bizdə otaqlar standart olaraq iki nəfərlikdir. Bir nəfər də də qala bilər. Bir nəfər üçün səhər yeməyi daxil otaqda gecələmək 200 manatdır. İki nəfər üçün isə 240 manat təşkil edir. Söhbət bir gündən gedir. Oteldə hələ ki, başqa xidmətlər yoxdur. Gündə 3 dəfə qidalanmaq üçün restoran var. Günorta və axşam yeməyi əlavə xərcdir. Yeni ildə də qiymətlər stabil olacaq. Hələ ki, bir dəyişiklik yoxdur. Yeni il şənliyi təşkil olunacaq. Bu proqramdan asılı olaraq qiymətlərdə cüzi dəyişikliklərin olacağı istisna edilmir” deyə oteldən bildirilib.
 
Şuşada fəaliyyət göstərən “Şuşa” otelində yeni ili qeyd etmək istəyən iki nəfər, iki gecə üç gün üçün nə az, nə çox 1900 manatından keçməlidir:
“İki gün fərqli konsertlər olacaq. Xalq artisti Mənsum İbrahimov, müğənnilər Ayaz Qasımov, Nigar Paşayeva, Turan Səfərli, Kəmalə Əliyeva səhnədə çıxış edəcəklər. Tədbirdə dj Gugu, aparıcısı isə Kamran Yaradanquliyevdir. Yeni il tədbirini “Canaz” və “Bakuevents” qrupları təşkil edib. Portal məsələsini də otelin əməkdaşları həll edəcək” deyə məlumatda bildirilib.
Xalq artisti Mənsum İbrahimov da yeni il gecəsini “Şuşa” otelində qarşılayacaq:
 
“Biz 30 il idi ki, bu günləri gözləyirdik. Şükür bu günümüzə ki, artıq biz Qarabağda böyük tədbirlər edirik. İnşallah bu il də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ili mədəniyyət paytaxtımız Şuşada qeyd edəcəyik. Mən öz “Qarabağ” muğam qrupumla ifalar edəcəm. Bütün arzu edənlər hər biri dəvətlidir” deyə o bildirib.  
 
Xankəndində fəaliyyət göstərən “Palace” otelində qiymətlər 190 manatdan başlayır.
“ “Palace” otelində bizim otaqlarımızın qiyməti 190 manatdır. Bu 2 nəfər üçün nəzərdə tutulub. Yeni ildə canlı musiqi olacaq. Xankəndində qaz olmadığı üçün hovuzlar işləmir. Qaz olandan sonra hovuz xidməti də bu qiymətə daxil olacaq” deyə oteldən bildirilib.
 
Xankəndində yerləşən digər bir otel-“Qarabağ” da isə qiymətlər daha yüksəkdir:
“ “Qarabağ” otelində otaqlar genişdir. Buna görə də 2 nəfər üçün 240 manatdan başlayır qiymətlər. Səhər yeməyi və fitnes zalı xidmətə daxildir. 3 dəfə qidalanmaq üçün restoranlar var. Bu dediyimiz qiymətə daxil deyil, əlavə sifariş kimi nəzərdə tutulur” deyə oteldən bildirilib.
 
Turizm eksperti Rəhman Quliyev bildirib ki, digər regionlara nisbətdə Qarabağdakı otellərdə qiymətlər daha bahadır:
“Hər il olduğu kimi ən-ənəvi olaraq paytaxtda və regionlarımızda fəaliyyət göstərən otellər yeni il şənlikləri, şou proqramlar keçirirlər. Hazır tur paketlər təklif olunur. Bu tur paketlər 3 gün 2 gecə qonaqlama, səhər yeməyi və eyni zamanda oteldə yeni il şou-proqramı olmaqla şam yeməyi daxildir. Bir neçə ildir artıq Şuşada fəaliyyət göstərən otellərdə də bu təşkil olunur. Regionlarımızın digər bölgələrinə baxanda Şuşada nisbətən qiymətlər bir qədər yüksəkdir. Bu da personalın orada qalması, relyefin çətinliyi, yol uzaqlığına görədir. Ona görə də qiymətlərdə bahalaşma müşahidə olunur. Şou proqramda iştirak edəcək sənətçilərin uzun yol qət edib Şuşaya getməsi, orada qalması da xərc tələb edir. Bu da həmin turpaketdə qiymətlərin artmasına səbəb olur. Digər günlərə nisbətən Yeni il günündə Azərbaycanın hər bölgəsində otellərdə sıxlıq müşahidə olunur. Hansı otellərdə ki, şou proqram keçirilir, o otellərə daha çox üstünlük verilir. Ümumi olaraq bu da tələbatdan irəli gəlir. Otellərdə satış siyasətinə uyğun olaraq ilk standart, ekonom otaqlar satılır. Azərbaycana gələn turistlər də daha çox dağlıq ərazilərə gedir. Yaxın gələcəkdə Şuşada fəaliyyət göstərən otellərin iş qrafiki digər rayonlarda-Laçında, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda və digər işğaldan azad olunmuş ərazilərdə də təşkil olunacaq. İnfrastruktur bərpa olunduqca, insanlar öz dədə-baba yurdlarına köçdükcə orada bu kimi komplekslərin, yeni iş yerlərinin yaradılması o zərurəti yaradacaq ki, həm də ora turist axını olsun. Eyni zamanda belə şənliklərin keçirilməsi reallaşsın. Belə yerlərin daha çox açılması sağlam rəqabətə gətirib çıxaracaq” deyə ekspert bildirib.
İqtisadçı ekspert Xalid Kərimli Qarabağdakı otellərin qiymətlərinin baha olmasının səbəbini bu cür izah edib:
 
“Qarabağda qiymətlərin yüksək olmasının səbəbi məhdudiyyətlərlə əlaqədardır. Şuşada, Xankəndində işin bir romantika tərəfi var. Keçmişdən qalan bir nostalji hisslər var. Şuşada və Xankəndində tədbiri təşkil etməyin xərci Bakıda tədbiri təşkil etməyin xərcindən çoxdur. Əyləncənin təşkili Şuşada və Xankəndində daha bahadır, nəinki paytaxtda” deyə iqtisadçı ekspert bildirib.
Seçilən
29
10
moderator.az

10Mənbələr