Bəzi insanlar karbohidrat qəbulunu azaltmaqda çətinlik çəkirlər. Onlar ağız boşluğunda karbohidratlarla zəngin qidaların, məsələn, çörək və makaronun həzminə kömək edən tüpürcək amilaza geninin (AMY1) müxtəlif formalarına malikdirlər. Bu genin təkrarlanması 800 min il əvvəl baş verərək insanların nişastalı qidalara uyğunlaşmasına kömək edib. Amilaza nişastanı qlükozaya parçalamaq üçün fermentdir və çörəyə özünəməxsus dad verir.
News24.az xəbər verir ki, bununla bağlı Cekson Genetik Tibb Laboratoriyası yeni tədqiqat aparıb. Tədqiqatçılar 68 qədim insanın genetikasını, o cümlədən 45000 il əvvəl Sibirdə yaşamış şəxsin DNT-ni təhlil ediblər. Onlar aşkarlayıblar ki, əkinçilikdən əvvəlki dövrdə yaşamış insanların genetik strukturlarında orta hesabla 4-8 AMY1 forması mövcud imiş. Bu da onların buğda və kartof kimi məhsulları yetişdirməyə başlamazdan əvvəl nişastalı qidaların qəbuluna uyğunlaşdıqlarını göstərir. Tədqiqatçılar əlavə ediblər ki, AMY1 gen təkrarlanması qədim insanın əcdadlarında, məsələn, neandertallarda da tapılıb. Kvondo Kim bunu belə izah edib: “AMY1 geni təqribən 800 min il əvvəl, insanların neandertallardan ayrılmasından xeyli əvvəl ortaya çıxıb və təkrarlana bilməsi mümkündür”.
Buffalo Universitetinin professoru Ömər Gökçümenin sözlərinə görə, təsəvvür belədir ki, nə qədər çox amilaza geni varsa, o qədər çox amilaza istehsal etmək və nişastanı effektiv həzm etmək olur. Bu ilkin gen təkrarlamaları insanlara yeni texnologiyaların və həyat tərzinin gətirdiyi nişasta istehlakının sürətlə artması ilə uyğunlaşmağa imkan verib. Avropalı fermerlərdə son 4 min il ərzində AMY1 formalarının orta sayında artım müşahidə olunub ki, bu da onların nişastalı qidalardan istifadə etməsi ilə əlaqədardır. Yüksək AMY1 nüsxələrinə malik fərdlər çox güman ki, nişastanı daha səmərəli həzm edir və daha çox nəsil artırırdılar. Onların nəsilləri uzun təkamül müddətində daha yaxşı vəziyyətdə qalıb və nəticədə AMY1 formalarının sayı artıb”.
Tədqiqatçılar diqqətə çatdırıblar ki, insanlar dünyanın müxtəlif yerlərinə yayıldıqca, AMY1 formalarının sayındakı çeviklik onlara ətraf mühitə daha tez adaptasiya olmağa kömək edib. Kənd təsərrüfatı insan genetikasını daha da dəyişdirib. Bu yeni tədqiqat müasir dövrdə piylənmə və diabetdən əziyyət çəkən insanlar üçün praktik nəticələr verə bilər.
Cekson laboratoriyasının əməkdaşı Feyza Yılmaz bildirib ki, AMY1 forma sayı dəyişkənliyinin insan təkamülündəki əsas rolu nəzərə alınarsa, o zaman genetik dəyişikliyin metabolik sağlamlığa təsirini araşdırmaq üçün maraqlı imkan yaranar. Tədqiqat zamanı nişasta həzmi və qlükoza metabolizmində iştirak edən mexanizmlər aşkar etmək mümkün olacaq. Beləliklə, genetik, qidalanma və sağlamlıq sahəsində kritik məlumatlar əlçatan olar.\\azertac