Almaniyanın “Rheinmetall” şirkəti 155 mm-lik artilleriya mərmiləri ilə bağlı Litvada müasir istehsal zavodunun tikintisinə başlayır.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün şirkət və Litva höküməti arasında zəruri müqavilələr imzalanıb.
Litvanın Baysoqala şəhərində tikiləcək zavod 2026-cı ilin ortalarından fəaliyyətə başlayacaq və tamamlandıqdan sonra ildə on minlərlə 155 mm çaplı artilleriya mərmisi istehsal edə biləcək.
Sözügedən layihənin investisiya həcmi 180 milyon avro təşkil edir.
Litva höküməti atılan bu addım ilə ölkənin müdafiə sənayesi sektorunu gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra müdafiə sahəsinə və silahlanmaya ciddi diqqət ayıran Litva bu müddət ərzində ABŞ, İsveç, Belçika, İspaniya və digər ölkələrdən müxtəlif hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raket kompleksləri, zirehli nəqliyyat vasitələri, minaatanlar, yaylım atəşli reaktiv sistemlər, qumbaraatanlar və pulemyotlar satın alıb.