Azərbaycan ərazisinin 15 %-i quraqlıq, 6 %-i isə səhralaşma təhlükəsi altındadır.
AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda keçirilən “İqlim dəyişikliyinin kənd təsərrüfatının inkişafına təsiri” mövzusunda konfransda bildirib. Tədbir Azərbaycan və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.
Nazir müavini vurğulayıb ki, qlobal iqlim dəyişikliyi yağıntıların azalması və su qıtlığının artması ilə müşahidə olunur. Bu isə kənd təsərrüfatı sektoru üçün ciddi çətinliklər yaradır:
“Ölkəmizdə kənd təsərrüfatının inkişafı bir çox hallarda su təchizatının yaxşılaşdırılmasından asılıdır. Məhsul istehsalını artırmaq üçün mövcud su, torpaq və iqlim resurslarından daha səmərəli istifadə edilməli, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri görülməli və müasir su təchizatı texnologiyalarından effektiv istifadə təmin olunmalıdır”.
Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında qeyd edib ki, qlobal istiləşmə və quraqlıq, xüsusilə aqrar sektora, dolayısı ilə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. O əlavə edib ki, kənd təsərrüfatı Naxçıvan iqtisadiyyatının əsasını təşkil edir və buna görə də ətraf mühitin qorunması, yaşıllıqların artırılması və su ehtiyatlarının səmərəli istifadəsi muxtar respublika üçün prioritet məsələlərdir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova çıxışında bildirib ki, məqsəd COP29 konfransından sonra iqlim dəyişikliyi ilə bağlı tədbirlərin müzakirəsini aparmaqdır. O qeyd edib ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq üçün praktik addımların atılması zəruridir.