Onların jurnalistləri də bizim kimi illərlə “Qarabağ, Qarabağ” yazıb qocalacaqlarmı, torpaqlarının həsrətini bizim kimi çəkəcəklərimi, işğaldakı torpaqlarını ölkənin baş dərdinə, nəhayət “Dəmir yumruğ”a çevirə biləcəklərmi?
Rusların çoxluq təşkil etdiyi Ukraynanın şərqində separatizm heç vaxt olmaya da bilərdi, əgər Qərb bu ölkədə “Avromeydan” yardıb, ölkəni qana sürükləməsəydi, Donetskdə yaşayan rus İvan qonşusu Stepanla yenə yer əkəcək, məhsul toplayacaq və bir süfrədə çörək kəsəcəkdilər. Deyə bilərsiz ki, ermənilər də bizimlə yüz il birgə yaşadı, çörək kəsdi, amma sonra torpaqlarımıza göz dikdi, bizə düşmən kəsildi, Rusiya da eyni xəyanəti etdi, üstəlik qardaş torpağına göz dikdi, qan tökdü və sairə. Ermənilərin bizlə tarixən düşmənçilikləri vardı və torpaq davası üçün fürsət gözləyirdilər. Rusiya və Ukraynanın isə birgə dövlətləri də olub, qardaşlıqları da. Amma Qərb “qaşınmayan yerdən qan çıxardı”, 2014-cü ildən başlayan hadisələr iki qardaş xalq arasında sağalması çətin olacaq yaralar açdı. Rusların Ukraynadan, ukraynalının Rusiyadan zorla torpaq almağa ehtiyacı yox idi. Amma belə görünür ki, münaqişənin son mərhələsi yaxınlaşdıqca, sülh şərtləri ortaya çıxdıqca, Qarabağ münaqişəsinə də oxşarlıqlar tapılacaq...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi qoca general-leytenant Kit Kellogun münaqişənin həlli üçün hazırladığı “sülh şərtlərinin qaralama variantı”nın mediaya sızdırılması tərəflərin ilkin reaksiyasını öyrənməyə hesablanmış addım da ola bilər. Bəlkə də heç bu təkliflər, ümumiyyətlə yoxdur, onu yayan “The Sun” nəşrinin hansısa çevik təfəkkürlü analitikinin hazırladığı variantdır. Yəni belə sülh təklifləri variantını bu münaqişə ilə yaxından maraqlanan məsələn, Bakıdakı orta statistik biliyi olan politolq da hazırlaya bilər. Çünki məntiq aydındır: savaşı uduzan tərəf istənilən sülh şərtlərində zəif bənddir, qalib tərəf isə şərtləri diktə edən... Belə “sülh şərtləri” hələ çox olacaq. Ümumiyətlə, Ukraynanın bir neçə dövlət arasında “pay-püş” ediləcəyi haqda da danışılır. Yəni Ukraynanın düşürüldüyü vəziyyət ağırdır və gözlənilən şərtlər də ona uyğun olacaq. Hər ötən gün Kiyev üçün şərtlər daha da çətinləşir. Gözlənilməz deyildi, nə olmalıydısa, olur. Trampın hələ rəsmən vəzifəyə başlamayan administrasiyasının “bu təkliflər bizimdir” deyəcəklərini nə gözləməyə dəyər, nə də xüsusi uzaqgedən nəticələr çıxarmağa... Psixoloji üstünlük indi tam Rusiya tərəfdədir, Zelenski isə hələ ordu komandalarını dəyişməklə cəbhədə vəziyyəti düzəldəcəyinə ya ümid edir, ya da bir qədər də zaman qazanmağa çalışır.
Mediaya sızan sülh şərtləri sırasında iki bənd bizə Birinci Qarabağ müharibəsində uduzduğumuz illəri xatırladır. Birincisi, atəşkəsə riayət etməklə bağlıdır. İstənilən münaqişənin kağız variantında tərəflərin atəşkəs haqqında razılaşma öhdəliyi götürməsi qeyri-adi şərt deyil. Amma atəşkəs sülh demək deyil, atəşin kəsilməsi isə heç deyil. Biz bu şərti 12 may, 1994-cü ildə qəbul etdik, buna məcbur olduq, ölkə əldən gedirdi, torpaqlar ardarda işğal altına düşürdü, toparlanmaq üçün zaman lazım idi. Vikipediyada atəşkəs razılaşması barədə belə yazılır: “Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur”. Əlbəttə, bu atəşkəs dövründə baş verənlərə dair qurulmuş “çox quru” cümlədir. Çünki atəşkəs dövründə rəsmi təsdiqlənmiş məlumata görə, Azərbaycan 856 şəhid və yaralanan hərbçimiz olub. Media o zaman buna ad tapmışdı: “Atəşkəsin kəsdikləri ömürlər...”
Sülh şərtinin daha bir bəndində isə qeyd edilir ki, “Ukrayna işğal olunmuş əraziləri geri qaytarmaq hüququndan imtina etməyəcək, amma torpaqların qaytarılmasının yalnız diplomatik yollarla həyata keçirməyi qəbul etməlidir”. Tanış gəldimi? 1994-cü ildən 2020-ci ilin sentyabrınadək bir-birini əvəz edən ATƏT vasitəçiləri də bizi inandırmağa çalışırdılar ki, “ərazi bötövlüyünüzü tanıyırıq, amma Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli variantı yoxdur”. Bu mövqe əslində, Azərbaycanı işğalın nəticələri ilə barışmağa, xalqın iradəsini sındırmağa və ölkəmizin ərazisində “ikinci erməni dövlətinin” yaradılmasına hesablanmışdır. Danışıqlar prosesi bu minvalla illərlə imitasiya edildi. Uzun müddətli işğala hesablanmış və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevirməklə “baş aldatmağa” çalışılırdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə bu tələblər də qulaq ardına vuruldu. Bunun əksi olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox formal xarakter daşıyırdı. İndi eyni variantı Ukraynaya təklif edirlər, ya da mütləq edəcəklər.
Ukrayna müharibəsi fərqlidir, atəşkəsdən sonra nə olacaq, hansı şərtlər qobul ediləcək, hansılar rədd ediləcək, söyləmək çətindir. Ukrayna itirdikləri torpaq üçün hansı mübarizə yolunu seçəcək, bu da sual doğurur. Məsələn, onların qəzetləri də, jurnalistləri də bizim kimi illərlə “Qarabağ, Qarabağ” yazıb qocalacaqlarmı, torpaqlarının həsrətini bizim kimi çəkəcəklərimi, işğaldakı torpaqlarını ölkənin baş dərdinə, nəhayət “Dəmir yumruğ”a çevirə biləcəklərmi?
Nazim SABİROĞLU,
Musavat.com