AZ

SDU-da "Cybersecurity Skills Gap - Roadmap" mövzusunda seminar keçirilib

Noyabrın 29-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsinin müasir çağırışlarına həsr olunmuş "Cybersecurity Skills Gap - Roadmap" mövzusunda seminar keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova tədbirin əhəmiyyətini vurğulayıb, belə maarifləndirici tədbirlərin gənclərin kibertəhlükəsizlik sahəsində daha fəal iştirakını stimullaşdırmağa zəmin yaratdığını və bu istiqamətdə AKTA-nın ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin inkişafına böyük dəstək verdiyini bildirib. Sonra Rektorun müşaviri Əhməd Əhmədzadə çıxış edərək ölkəmizdə kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Rəqəmsal təhdidlərin qarşısının alınmasında, müasir çağırışlara cavab olaraq gənclərin biliklərə yiyələnməsinin vacibliyini vurğulayıb. 

Seminarda TEXIO Academy-nin təsisçisi və AKTA-nın eksperti, spiker Elgün Bəxtiyaroğlu çıxış edərək kibertəhlükəsizliyin strateji istiqamətləri, sahənin aktuallığı və bu sahə üzrə karyera inkişafı üçün yol xəritəsi barədə ətraflı məlumat verərək, gənclərə bazar ehtiyaclarına uyğun bilik və bacarıqların əhəmiyyətini izah edib.  Sonda spiker və iştirakçılar arasında praktik məsələlər ətrafında interaktiv sual-cavab sessiyası təşkil olunub.

Seçilən
16
tehsil.biz

1Mənbələr