“Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Fransa Prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rolu müqabilində İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına əməl etməməyə razılaşıb.
Nəşrin yazdığına görə, order verildikdən az sonra Makron Netanyahuya zəng edərək, Parisin BCM-nin qərarına hörmət etməyə və onunla tam əməkdaşlıq etməyə borclu olduğunu bildirib.
Makron əlavə edib ki, BCM-nin müddəaları məhkəmənin həbsinə dair orderlərdən toxunulmazlıq nəzərdə tutur. Bununla bağlı tərəflər Livandakı atəşkəs ətrafında vəziyyəti müzakirə ediblər. Onlar razılaşıblar ki, Paris BMT Təhlükəsizlik Şurasının İsrail və Livan sərhədindəki vəziyyəti tənzimləyən 1701 saylı qətnaməsinin icrasına nəzarət edən komitədə mühüm rol oynayacaq. Məhz bu telefon danışığı zamanı Fransa ilə İsrail arasında yaranan son fikir ayrılıqları aradan qaldırılıb. Netanyahuya toxunulmazlığın verilməsi Fransa üçün Livan razılaşmasında rol oynamağın qiyməti idi.
EDnews xəbər verir ki, Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, siyasət və siyasi dəyərlər beynəlxalq münasibətlər sistemində çox mühüm bir hadisədir:
“Bu həm də dünya siyasətinin keyfiyyətini təyin edir. Təəssüf ki, bəzi siyasətçilər həm siyasəti, həm siyasi dəyələri, həm də mədəniyyəti siyasi alver səviyyəsinə endirir. Belə siyasətçilərin özü də tədricən siyasətdə gözdən düşür.
Vaxtilə dünya siyasətinə Şarl de Qoll, Fransua Mitteran kimi siyasi nəhənglər bəxş etmiş Fransanı Emmanuel Makronun idarə etməsi təəssüf doğurur. Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ədaləti olub-olmaması fərqli bir mövzudur. Lakin Fransa prezidentinin bu qərara münasibəti hüququ gözdən salır. Eyni zamanda siyasi mənəviyyatı deqradasiyaya aparır.
BCM-nin qərarını Emmanuel Makron öncə alqışlayır, maraqları təmin edildikdən sonra gözdən salınır. Bu, əsl ikiüzlülükdür. Hesab edirəm, fransız seçiciləri də, xalqı da bunun fərqindədir. Makronun özü ilə birlikdə Fransanın nüfuzu da kiçikdir. Fransanın gələcəyində bu şəxsin yeri, şansı yoxdur“.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, E. Makronun ikiüzlü olması hakimiyyətə gəldiyi ilk gündən bəlli idi:
“İşğala məruz qalan Azərbaycan ilə işğalçı Ermənistanı eyniləşdirmək, daha sonra ikincini müdafiə etmək onun necə biri olduğunu bəlli edirdi. Bu da azmış kimi, keçmiş qondarma separatçı qurumu müdafiə edən Makron bütün bunları sadəcə erməni lobbisinin dəstəyini alıb, hakimiyyətdə qalmaq üçün edirdi.
Makronun bu gün BCM-nin qərarını saymaması sözün əsl mənasında qanun pozuntusudur. Hesab edirəm, BCM onun özü haqda da araşdırma aparmalı, ölçü götürməlidir. Fransız xalqı belə bir şəxsi prezident kimi saxladıqca Parisin nüfuzu da günü-gündən azalacaq.
Təsadüfi deyil ki, Korsikada, Yeni Kaledoniyada Paris əleyhinə aksiyalar geniş vüsət alır. Keçmiş müstəmləkələri də Fransadan bir-bir uzaqlaşır. Bütün bunlar bir şəxsin öz maraqları naminə Fransa kimi bir ölkəni istifadə etməsinin nəticəsidir”.