“Avropa İttifaqının Gürcüstanla bağlı son qərarları qərəzli və alçaldıcı bir yanaşmadır”.
Bunu Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında Gürcüstanda baş verən son prosesləri şərh edərkən deyib.
O bildirib ki, Gürcüstanda vəziyyətin gərginləşməsinin səbəbi təkcə seçkilərlə bağlı deyil:
“ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatı açıqlanmadan Avropa Parlamentinin Gürcüstanda son parlament seçkilərinin nəticələrini qeyri-legitim adlandırması çox yalnış və irrasional yanaşma idi. Avropa İttifaqı Gürcüstanı qrant layihələrdən kənarda qoymaq və maliyyə yardımını dayandıracağı ilə hədələyir. Bu isə doğru deyil və çox səhv addımdır.
Qeyd edim ki, gürcülər özlərini kifayət qədər mərd, başları dik və qürurlu kimi aparırlar. Avropa İttifaqı Gürcüstana deyir ki, biz sizə nə deyiriksə, siz onunla oturub durmalısınız, siz bizim bütün tapşırıqlarımızı yerinə yetirməlisiniz. Gürcülər də onlara tabe olmayacaqlar.
Nəzərə almaq lazımdır ki, Gürcüstanda son parlament seçilərində hazırkı hakimiyyət – “Gürcü Arzusu” partiyası böyük səs çoxluğu ilə qələbə qazanıb.
Müxalifət cəbhəsində heç bir partiya iqtidarın qələbəsini şübhə altına almır.
Sadəcə olaraq, müxalif qüvvələr iddia edirlər ki, hakim partiya 53 % deyil, bu rəqəmdən bir qədər az səs toplayıb. Halbuki “Gürcü Arzusu” partiyası xalqın əksəriyyətinin dəstəyini qazanıb.
Xalqın yarısının səsini qazanan partiyaya Avropa İttifaqı tərəfindən sanksiya qoyulması gülünc və antidemokratikdir”.
Natiq Cəfərli vurğulayıb ki, Qərdə bəzi dairələr Donald Trapmpın hakimiyyətə gəlməsi ilə Gürcüstanda hər hansı dəyişiklikliyə nail olmaq istəyir:
“Prezident Salome Zurabişvilinin müxalifətin aksiyalarına rəhbərlik etməsi bunun təzahürüdür. Hesab etmirəm ki, Gürcüstan hakimiyyəti geri addım atacaq. Tramp Ağ Evdə prezidentlik postuna sahib olduqdan sonra Gürcüstanın Qərblə münasibətlərində istiləşmə baş verəcək.
“Gürcü Arzusu” partiyası Avropa İttifaqına inteqrasiyadan imtina etməyib, bu ölkənin Konstitusiyasında Qərbə inteqrasiya əsas prioritet hesab olunur.
İstənilən ölkə ilə ticarət əlaqələri qurmaq hər bir ölkənin hüququdur.
Avropa İttifaqının Gürcüstanla bağlı son qərarları qərəzli və alçaldıcı bir yanaşmadır. Bu səbəbdən Gürcüstan Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək dondurub. Tiflis çox düzgün və doğru addım atıb”.