“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Qarabağ Universitetində təhsil alan gənclərlə görüş keçirib.
AzNews.az xəbər verir ki, Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova gənclərin könüllü fəaliyyətlərə qoşulmasının onların yeni bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda sosial sahədə uğur qazanmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, həmçinin elm, təhsil, sosial, idman, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr barədə danışılıb, İctimai Birliyin fəaliyyətində könüllülərin rolu, onların fərdi inkişafı üçün görülən işlər haqqında təqdimat və müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən videoçarx nümayiş olunub.
İctimai Birliyin Qarabağ regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun Əzizov çıxışında könüllülük fəaliyyətinin müasir gənclərin sosiallaşması və fərdi inkişafındakı əhəmiyyətindən, könüllü kimi əldə etdiyi təcrübələrin ona qazandırdığı uğurlardan danışıb, gənclərə bu istiqamətdə tövsiyələrini çatdırıb, onları tələbəlik illərini daha yaddaqalan və səmərəli keçirmək, asudə vaxtlarını dəyərləndirmək üçün könüllü olmağa dəvət edib.