AZ

Mişelin xələfi Ermənistan-Azərbaycan arasında sülhə töhfə verə biləcək?

Avropa İttifaqı (Aİ) Şurasının yeni Prezidenti Antonio Kosta dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. Qurumun hazırkı rəhbəri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı siyasətçiyə təhvil verib. Kosta bu vəzifəyə 2024-cü ilin iyununda təyin edilib.

 

Belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasının prezidenti postunu tuturdu. O, Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış edib və liderlər arasında görüşlər təşkil edib.

 

Modern.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov da bildirb ki, Şarl Mişel vəzifədə olarkən Azərbaycan-Ermənistan danışıqlarında səylər göstərib:

 

“Ölkə Prezidenti cənab İlham Əliyev bu səylərin bir çox hallarda müsbət nəticələr verdiyini də vurğulayıb. İndi suallar yaranır ki, yeni gələn şəxsin davranışı necə olacaq, sülh prosesinə töhfə verə bilərmi?! Əvvəla, bunu yaşayıb görəcəyik. Cənab Prezidentin bu məsələlərlə bağlı mövqeyi var. Biz nəzakət diplomatiyasının nə olduğunu çox yaxşı bilirik. Kimlər ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək istəyirlərsə, buyursunlar. Amma reallıq fonunda deyim ki, bizim vasitəçilərdən istifadə etmək niyyətimiz yoxdur. Biz vasitəçilərsiz sülh prosesində daha yaxşı nəticə əldə edə bilirik”.

 

Millət vəkili bildirib ki, ayrı-ayrı dövlətlər və təşkilatlar vasitəçi yox, təşkilatçı qismində bu prosesdə iştirak edə bilər:

 

“Onlar paytaxtlarda görüşlər təşkil edə bilərlər, amma vasitəçilik institutunun ATƏT-in Minsk qrupu timsalında biz acı nəticələrini yaşamışıq. Belə vasitəçilik bizə lazım deyil. Avropa Şurası Parlament Assambleyasının Azərbaycana müansibətinin səviyyəsi ortadadır və COP29 tədbirində bir çox həqiqətlərin üzə çıxardı. Avropa təmsilçiləri bu tədbir boyunca boykot yolunu seçdilər. Onlar heç bir nəticəyə nail ola bilmədilər. Azərbaycana 196 ölkənin təmsilçisi gəldi, 80 ölkə rəhbərlik səviyyəsində tədbirdə iştirak etdi, 76 min nəfər qeydiyyatdan keçdi. Ən əsası isə Bakıda maliyyə məsələləri ilə bağlı tarixi razılaşma əldə edildi. İnkişaf etmiş dövlətlər inkişaf etməkdə olan dövlətlərə iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli üçün ildə 300 milyard dollar dəstək vermək öhdəliyi götürdülər. Bu tarixi nailiyyətdirlər. COP29-un keçirildiyi 13 gün tarixə yazıldı. Bu günlərdə də Avropa təmsilçilərinin davranışı, mövqeyi aydın oldu, maskalar yırtıldı, eybəcər sifətlər üzə çıxdı. Biz bunların hamısını gördük. Ona görə də ümidimiz ola bilər ki, Avropa Şurasının yeni rəhbərliyi bütün bu səhv addımlardan nəticə çıxaracaq və oturduqları budağı kəsməyəcəklər. Çünki Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeganə alternativ enerji mənbəyi kimi çıxış edir. Bununla yanaşı yaşıl iqtisadiyyata keçid və yaşıl enerji sahəsində də ciddi addımlara imza atılıb”.

Seçilən
16
modern.az

1Mənbələr