AZ

"Tramp andiçmə mərasiminədək Qəzzada atəşkəsə nail olmaq istəyir" - senator Lindsi Qrem

"Tramp və Bayden keçid dövründə Qəzzada girovların azad edilməsi və müharibəyə son qoyulması işində əməkdaşlıq edəcək..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də özünün andiçmə mərasiminədək İsrail ilə HƏMAS arasında mübadiılə sövdələşməsi üzrə sazişə nail olmaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem "Axios" saytına məlumat verib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
 
İsrailin alovlu tərəfdarı olan senator Qrem bu yaxınlarda ölkəni ziyarət edərək baş nazir Binyamin Netanyahu ilə görüşüb.
 
Senator deyib ki, Tramp Qəzza bölgəsində müharibənin dayandırılmasını istəyir. "Mən İsraildə və regionda insanların Trampın diqqətinin girovların azad edilməsinə yönəydiyini bilməsini istəyirəm. O, qətllərə son qoyulması və müharibənin dayandırılmasını istəyir.
 
Tramp girovların azad edilməsinə nə zamansa olduğundan daha qətiyyətli ovqatdadır və bunun elə indi baş verməsini istəyir", - Lindsi Qrem deyib.
 
"Mən ümid edirəm ki, prezident Tramp və Bayden administrasiyası keçid dövründə girovların azad edilməsi və müharibəyə son qoyulması işində əməkdaşlıq edəcək", - o, əlavə edib.
 
Qrem Qəzza bölgəsinin İsrail qoşunları tərəfindən yenidən işğalının əleyhinə çıxıb. O, xüsusilə qeyd edib ki, İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması mütləq Fələstin məsələsini özündə ehtiva etməlidir.
 
"HƏMAS-a qarşı təhlükəsizliyin təmin edilməsi üzrə ən yaxşı siyasət bölgənin yenidən işğalı deyil, Fələstin cəmiyyətinin yenidən formalaşdırılmasıdır. Bunu yalnız ərəb ölkələri edə bilər", - senator deyib.
 
Lindsi Qrem İsraildə ifrat sağçıların Tramp administrasiyası ilə öz müqəddəs arzularını həyata keçirə biləcəkləri ilə bağlı iddiaları təkzib edib.
 
Qrem o cümlədən maliyyə naziri Betsalel Smotriçin Qəzza bölgəsində fələstinlilərin "könüllü mühacirətə" şirnikləşdirilməsi barədə fikri ilə bağlı suala cavabında Qrem deyib: "O, gərək Trampla danışsın və nə istədiyini prezidentdən eşitsin. Trampdan eşitmədiklərinizi onun ayağına yazmaq lazım deyil".
 
Xatırladaq ki, noyabrın 26-da İsrailin maliyyə naziri Betsalel Smotriç İudeya və Samariya yəhudi qəsəbələrinin konfransında bəyan edib ki, İsrail Qəzza bölgəsini işğal etməli və elə vəziyyət yaratmalıdır ki, iki il ərzində bölgənin əhalisi iki dəfə azalsın.
 
Onun fikrincə, sonradan "könüllü mühacirət" həm də İudeya və Samariya ərəbləri üçün də "model" ola bilər.
Seçilən
11
moderator.az

1Mənbələr