Biləsuvarın Mərkəzi Parkında 4-cü “Hind quşu festivalı” keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, festivalda hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayonun sakinlərinə və qonaqlara təqdim olunub.
Ən dadlı təamlar hazırlayan aşpazlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Burada, həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib.
Bundan əlavə, yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən güşə fəaliyyət göstərib.
Festival boyu musiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunub.