AZ

Gürcüstanda divin nağılı: iki yoldan hansı seçiləcək? - Şahin Cəfərli yazır

Şahin CƏFƏRLİ

Siyasi şərhçi

***

Tbilisidə Baş nazir və hakim partiya liderlərinin tez-tez getdiyi məşhur restoran etiraz əlaməti kimi fəaliyyətini müvəqqəti dayandırıb.

Bu fakt niyə diqqətəlayiqdir?

Çünki bugünkü Gürcüstanı anlamaq baxımından yaxşı markerdir. Əgər seçki sonrası etirazlar sırf müxalifətçilərin qatıldığı aksiyalar idisə, avrointeqrasiyadan imtina qərarından sonra bütün cəmiyyəti əhatə etməyə başlayıb. XİN, MN, Təhsil, Ədliyyə, Səhiyyə nazirlikləri və digər dövlət idarələrinin əməkdaşlarının hökumətin qərarına öz imzaları ilə etiraz ifadə etmələri “Gürcü Arzusu”nun ötən 12 illik dövrdə dövlətə tam hakim ola bilmədiyini göstərir. Başqa mühüm faktor paytaxt əhalisinin yarıdan çoxunun müxalif olmasıdır.

Əgər etiraz aksiyaları öz-özünə səngiməsə, “Gürcü Arzusu”nun 2 yolu qalır: ya etirazları kütləvi repressiyalarla boğmaq və bütün fəalları içəri doldurmaq; ya da güzəştə getmək.

Hökumətin hazırda 1-ci yolu seçdiyi görünür, amma bunu sona qədər uğurla davam etdirmək üçün gərək ölkədə sərt avtoritarizm bərqərar olsun, bu isə asan və qısamüddətli iş deyil. Amma müxaliflər hazırkı şansı əldən buraxsalar, növbəti seçkilərə qədər vətəndaş cəmiyyəti və müxalifət sıradan çıxarılacaq və ölkədə sərt rejim qurulacaq. Bunu mən demirəm, İvanişvili və onun aqressiv troykası – Kobaxidze, Kaladze və Qaribaşvili seçkidən əvvəl açıq söyləyirdilər, indi də bu niyyətlərini gizlətmirlər.

Məsələn, “Gürcü Arzusu”nun icra katibi 2 gün əvvəl bildirdi ki, hakimiyyəti heç vaxt indiki müxalifətə verməyəcəklər (yəni seçkidə qalib gəlsələr də), gələcəkdə “milli müxalifət” yarandıqdan sonra yalnız onlar hakimiyyətə gələ bilər. Əslində, sırf bu açıqlama inqilabi dəyişiklik üçün legitim əsas yaradır, amma arzu edək ki, hadisələr bu ssenari üzrə inkişaf etməsin və nə olacaqsa, dinc yolla olsun.

MİA.AZ

Seçilən
13
mia.az

1Mənbələr