Biləsuvar rayonunda yol qəzasında xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
"Report"un məlumatına görə, qəzada ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarışdıran "KamAZ"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxınlıqdakı minik avtomobilinin üzərinə aşıb.
Ağır xəsarət alan T.Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
12:29
Biləsuvar rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən qəzanın təfərrüatı məlum olub.
Hadisə Köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İran İslam Respublikasının vətəndaşı Əsgər Balazadənin idarə etdiyi, Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Rasim Bayramovun idarə etdiyi betonqarışdıran yük maşınına çırpılıb. Toqquşmadan sonra yük maşını yol kənarında hərəkətsiz vəziyyətdə dayanan VAZ markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində bir sərnişin qolundan xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Naxçıvandan Bakıya gələn avtobus köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində qəzaya uğrayıb.
12:06
"Baş vermiş yol-nəqliyyat hadisəsi üzündən 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Xəsarət alan şəxsə sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
11:35
Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qəzanın başvermə səbəbi HOWO markalı yük maşınının yolayrıcını keçmə qaydalarını pozması olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Hadisə noyabrın 30-da saat 10 radələrində baş verib. HOWO markalı 90-JZ-892 dövlət qeydiyyat nişanlı yük avtomobili "Scania" markalı 59-AA-700 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Sözügedən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 111-ci kilometrliyində, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib. Yük maşını yolayrıcını keçmə qaydalarını pozduğuna görə avtobusla toqquşma baş verib. Avtobusun içərisində əyləşən sərnişinlərdən bir nəfər xəsarət alıb", - deyə məlumatda bildirilib.
10:52
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Naxçıvandan gələn avtobusla "KamAZ" toqquşub.
İlkin məlumata görə, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"