İş ondadı ki, İnzibati Nəzarət üzrə Milli Departamentin (DNCG) noyabrın 15-də keçirilən iclasında kluba yeni oyunçuları qeydiyyatdan keçirmək qadağası, həmçinin növbəti qış “transfer pəncərəsi”nə qədər əməkhaqqı fonduna məhduyyət qoyulub. “Lion” qısa müddət ərzində maliyyə durumunu düzəltməsə, Liqa 2-yə yollanacaq. Ancaq vəziyyət ilk baxışdan göründüyü qədər faciəvi deyil.
Klub rəhbərliyi bəyan edib ki, borc 505,1 milyon avrodu (ötən maliyyə ili ilə müqayisədə 47 milyon artıb). “Şirlər” 2024/25 mövsümü ərəfəsində DNCG-nin maliyyə yoxlamasından keçə bilməyib. Departamentdə klubun mövsümü başa çatdırmaq üçün lazımi büdcəsinin olub-olmamasıyla bağlı şübhələr var.
“Lion”un sahibi Con Tekstor həftəsonu mətbuat konfransı keçirərək bəzi aktual məsələlərə aydınlıq gətirib. O, artıq özünə məxsus olan “Eagle Football” strukturunun (“Botafoqo”, “Molenbek”, “Kristal Pelas” və “Florida”nın Amerikadakı hazırlıq mərkəzi də bura daxildi) borclarını azaltmaqla bağlı strategiyanı təqdim edib. Tekstor klubun mütləq bu vəziyyətdən çıxacağını bildirib.
Onun dediyinə görə, variantlardan biri futbolçu satışıdı:
“Bütün dünyaya deyirəm: elitadan getməyəcəyik. Öz modelimizə çox nikbin baxırıq. Səhmdarlarımızın pulu var. Heç kim klubun aşağı dəstəyə yuvarlanmasına imkan verməyəcək. Uğursuzluğa düçar olmaq şansımız yoxdu. Əsas komandada 29 oyunçu var, bizə isə 23-24 oyunçu lazımdı. Gözəl oyunçularımız çoxdu. Baş məşqçi müəyyən qərarlar verməlidi”.
“Lion” maliyyə durumunu düzəltmək üçün ən yaxşı oyunçularından birini – 21 yaşlı Rayan Şerkini buraxmağa hazırdı. “L'Equipe”in yaydığı xəbərə inansaq, “Liverpul” artıq bu futbolçunu almaq variantını gözdən keçirir və onu Salahın əvəzedicisi kimi görür. Yarımmüdafiəçi özü isə əksər fransalı futbolçuların uğurla potensialını açdığı bundesliqaya yollanmaqda maraqlıdı. “Transfermarkt” portalı Şerkiyə 20 milyon avro qiymət qoyub. “Lion” onu ən azı gələn yaya qədər saxlamaq istəyirdi, ancaq maliyyə problemləri artıq yanvarda satmağa məcbur edir.
“Lion” bu durumdan çıxa biləcəyinə inanır. Ölkənin daha bir titullu klubu “Bordo” isə ötən yay peşəkar statusundan imtina edib və gücünə görə 4-cü liqada oynamağa qərar verib.