Alimlər 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə edilən təcrübədə pişiklərin dil qabiliyyətlərini sınaqdan keçiriblər.
Yeni bir araşdırma, pişiklərin müəyyən obyektlər və ya şəkillər üçün istifadə olunan sözləri həmin obyektlərlə əlaqələndirməyi və onları körpələrdən daha sürətli başa düşməyi öyrənə bildiyini ortaya qoydu.
Əvvəlki araşdırmalar göstərdi ki, pişiklər insanların siqnallarını təqib edə bilir, kimə etibar edə biləcəklərini və onların qidasına kimin cavabdeh olduğunu anlayırlar. Onların öz adlarını tanıya bilmələri də məlum idi.
Sherg.az xəbər verir ki, Yaponiyanın Abazu Universitetindən olan koqnitiv alim Saho Takagi və onun komandası yeni araşdırmada pişiklərin insan dilini öyrənmək üçün kifayət qədər “təchizat” olub-olmaması sualına müraciət ediblər.
"Tapıntılar məni çox təəccübləndirdi. Pişiklər heç bir xüsusi mükafata yönəlmiş təlim olmadan insan nitqini dinləyə və sözləri başa düşə bilirlər" deyib Takagi Science jurnalına.
Takagi və həmkarları 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə edilən təcrübədə pişiklərin dil qabiliyyətlərini sınaqdan keçiriblər.
Bu testdə körpələr cəmi 16-20 təkrardan sonra sözləri obyektlərlə əlaqələndirmə əlamətlərini göstərdilər.
Tədqiqatçılar 31 pişiyin hər birini iki qısa cizgi filmi göstərən noutbukun qarşısına qoyublar. Pişiyin sahibinin uydurma söz dediyi audio çarx da səsləndirilib.
İlk animasiyada ekranda təkbuynuzlu məxluqun böyüyüb kiçildiyi görülüb. Bu zaman pişiklər sahiblərinin “keraru” dediyini eşidiblər. İkinci animasiyada genişlənən və büzülən qırmızı üzlü günəş əks olundu və bu dəfə uydurma söz "parumo" idi.
Körpələr üzərində aparılan araşdırmada şəkil-söz birləşməsi üçün 20 saniyə davam edən ən azı dörd sınaq aparılıb.
Yeni araşdırmada pişiklərin 9 saniyəlik iki animasiya ilə öyrənə bildiyi göründü.
İkinci mərhələdə təsvirlər üçün müxtəlif sözlər səsləndirilib. Bu dəfə “yanlış” sözü dinləyən pişiklərin göz bəbəklərinin genişləndiyi və ekrana 33 faiz daha çox baxdığı anlaşılıb. Bu o deməkdir ki, onlar söz-şəkil uyğunsuzluğunu müşahidə ediblər.
Tədqiqat qrupu bildirir ki, bu nəticələr “pişiklər tez bir zamanda şəkil-söz birləşmələri yarada bilirlər”.
Digər tərəfdən, buradan çıxarıla biləcək nəticə bəzi məhdudiyyətlərə malikdir. 1990-cı illərdə körpələr üzərində aparılan oxşar təcrübədə birhecalı sözlərdən istifadə edilmiş və bunlar körpələrin tanımadığı bir səslə söylənmişdir.
Pişiklər isə baxıcılarının vurğu ilə dediyi üç hecalı sözləri eşidirdilər.
Müəlliflərin fikrincə, bu qabiliyyətlərin ümumiliyinə dair əlavə tədqiqatlar müxtəlif növlər arasında idrak və ünsiyyəti anlamağa kömək edə bilər.