AZ

Müəllimlərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin hesablanması

Əmək Məcəlləsinin 118-ci maddəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən olunub. Həmin maddəyə əsasən, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Bəs həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət necə hesablanıb kompensasiya edilməlidir? “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçilərin əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Məcəllənin 144-cü maddəsinin 2-ci bəndində göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib. Bəs müəllimlərə verilən 56 günlük məzuniyyət hüququ onların əsas məzuniyyəti hesab edilirmi?

Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin maddənin ikinci və üçüncü hissələrinə nəzər yetirək:

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. … işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

Deməli, qeyd edilən maddəyə əsasən, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin əlavə məzuniyyətlər hissəsində müəllimlərə verilən məzuniyyətlərlə bağlı əlavə məzuniyyət müəyyən olunmadığı üçün həmin məzuniyyət müəllimlərin əmək məzuniyyəti hesab edilir.

Qeyd edilənlərə əsasən bildirək ki, müəllimlər üçün müəyyən edilmiş 56 təqvim günü həmin şəxslərin əsas məzuniyyətinin deyil, onların əmək məzuniyyətinin müddətidir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsi nəzərdə tutulduğundan müəllimlərin əmək müqaviləsinə xitam verilərkən bütün iş illərinin əsas məzuniyyətinə (30 təqvim günü) görə pul əvəzinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Çünki müəllimlər üçün müəyyən olunmuş 56 təqvim günü məzuniyyət onların əsas məzuniyyəti yox, əmək məzuniyyəti hesab edilir. Əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətə görə kompensasiyanın verilməsi nəzərdə tutulduğundan 56 təqvim gününə görə deyil, 30 təqvim gününə (əsas məzuniyyətə) görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Həmçinin, qeyd edək ki, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin 21 və 30 gündən artıq olan məzuniyyəti işçilərin əsas əmək məzuniyyəti hesab edilmədiyi üçün həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən müəyyən olunmuş əsas məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Əmək Məcəlləsinin 116 və 117-ci maddələrində müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Çünki onların məzuniyyətində əlavə məzuniyyətlər nəzərə alınıb.

Seçilən
29
1
vergiler.az

2Mənbələr