Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən etibarən elektron pul və ödəniş təşkilatlarının stimullaşdırılması ilə bağlı layihə həyata keçirməyi planlaşdırır. Bu barədə “vergiler.az”a AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov məlumat verib.
R.Mahmudovun sözlərinə görə, layihənin əsas məqsədi elektron pul və ödəniş təşkilatlarının daha ucuz xidmətlər təklif edərək bazarda möhkəmlənmələrinə şərait yaratmaqdır: “Artıq elektron pul və ödəniş təşkilatları lisensiyalaşdırılıb. Növbəti mərhələdə onların motivasiyası, bazarda bərabər oyunçu kimi irəli çəkilməsi məsələsi gündəmdədir. Çalışırıq ki, banklarla müqayisədə daha keyfiyyətli və daha ucuz xidmətlər təqdim edə bilsinlər. Burada Mərkəzi Bankın məqsədi iri şəhərlərdə, xüsusilə də regionlarda nağdsız ödənişlərin həcminin daha da artırılmasıdır”.
Elektron ödəniş təşkilatlarının motivasiyası üçün atılan addımlara gəlincə, R.Mahmudov bildirib ki, onlara vergi azadolmaları tətbiq olunur. Bu da həmin təşkilatların rəqabət qabiliyyətini artırır: “Əgər əvvəllər ödəniş təşkilatı bir hüquqi şəxs kimi bankda hesab açırdısa, artıq bu gün özü maliyyə xidməti göstərdiyinə görə ƏDV-dən azad olunur. Eyni zamanda, onlara təqdim olunan bir sıra xidmətlər də ƏDV-dən azad olunub. Bu o deməkdir ki, artıq ödəniş təşkilatlarının rəqabət qabiliyyəti bir qədər artmış olur. Onların ödəniş sistemləri infrastrukturuna, digər sistemlərə inteqrasiyası ilə yanaşı, layihələrə bərabərhüquqlu iştirakçı kimi qoşulmaları məsələsi önə çəkilir. Bu da onların təqdim etdiyi xidmətlərin ucuzlaşmasına səbəb olacaq”.
Banklardan fərqli olaraq elektron pul və ödəniş təşkilatlarının gəlirlərinin ancaq göstərdikləri xidmətlərdən formalaşdığını önə çəkən R.Mahmudov bu baxımdan onların daha ucuz xidmət göstərməsinin vacib olduğunu, yalnız bu yolla banklarla rəqabətə girərək bazarda möhkəmlənə biləcəklərini deyib: “Mərkəzi Bankın bu təşkilatları lisenziyalaşdırmaqda məqsədi əhaliyə daha ucuz xidmətlərin göstərilməsini təmin etməkdir. Eyni zamanda, alternativ üsullar yaratmaqla bazarda ödəniş xidmətini daha aşağı qiymətə təqdim edə bilən təşkilatları önə çəkmək hədəflənib”.
Fərqanə ALLAHVERDİQIZI