Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək 42 milyon manatdan çox pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarlar məsuliyyətə cəlb edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlunun Azərbaycanın ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər-Nemət Yalçın Oqtay oğlu və Askarov Şəmistan Kidır oğlunun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Şam-Od” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2,5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Təhməzov Şamil Kamil oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “Ay&su” MMC tərəfindən Azərbaycandan Rusiyaya konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aslanova Aysel Əbilfət qızı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci * maddələrilə istintaq edilən cinayət işi üzrə *“Exspressagro” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.