AZ

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb

Prezident İlham Əliyev “Naxçıvan Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır. Müəyyən edilib ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etmək tapşırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Naxçıvan Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək edəcək və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Oxuməni.az

Seçilən
47
49
oxumeni.az

10Mənbələr