“Azərbaycan rəqəmsallaşma və fintex ekosistemində böyük potensiala malikdir. Ölkənin güclü iqtisadi strukturu və innovativ bank sektoru regional liderlik üçün mühüm imkanlar təklif edir”. Bu fikri “vergiler.az”a açıqlamasında Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumunun (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) sədr müavini Mustafa Aydın səsləndirib.
Türkiyənin ödəniş sistemləri və rəqəmsal bankçılıq sahəsində əhəmiyyətli uğurlar əldə etdiyini vurğlayan M.Aydın güclü normativ baza və innovativ həllərin hazırlandığını bildirib. O, Bank Tənzimləmə və Nəzarət Qurumu tərəfindən müəyyən edilmiş standartların ödəniş sistemlərinin təhlükəsiz və uyğun işləməsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Bu qaydalar maliyyə institutları və ödəniş xidmətləri təminatçılarının əməliyyat təhlükəsizliyini artırmaq və uyğunluq proseslərini təmin etmək üçün onların üzərinə müəyyən öhdəliklər qoyur. Bu təcrübələrin Azərbaycanla paylaşılması və iki ölkənin birgə işi regional maliyyə ekosisteminin möhkəmlənməsinə və investorların inamının artmasına töhfə verəcək”.
Müsahibimiz Azərbaycanın rəqəmsallaşma və fintex ekosistemində böyük potensiala malik olduğunu vurğulayıb, ölkənin güclü iqtisadi strukturu və innovativ bank sektorunun regional liderlik üçün mühüm imkanlar yaratdığını deyib: “Azərbaycanın rəqəmsal bankçılıq sahəsində atdığı addımlar təkcə daxili bazarda deyil, beynəlxalq aləmdə də diqqəti cəlb edir. Bu artım prosesində rəqəmsal ödəniş sistemlərinin və təhlükəsiz maliyyə xidmətlərinin əhəmiyyəti iqtisadi inkişaf və maliyyə azadlığında mühüm rol oynayır. Türkiyə ilə Azərbaycan arasında bu sahədə birgə layihələr və məlumat mübadiləsi hər iki ölkənin bankçılıq və fintex sahəsində regional və qlobal gücünü artıracaq. Rəqəmsal ödəniş sistemlərinin e-ticarət sahələrinə keçidi bu ekosistemlərin təhlükəsizliyini təmin etmək üçün yeni ehtiyaclar da ortaya qoyur. Azərbaycanın sürətlə inkişaf edən rəqəmsal bankçılıq və fintex ekosistemi Türkiyənin uzunillik təcrübəsi ilə birləşərək regional liderlik üçün güclü sinerji yaradacaq. Bu əməkdaşlıq təkcə bank sektoruna deyil, eləcə də istehlakçılara, yerli biznes və sahibkarlara fayda gətirəcək. Ödəniş sistemlərinin inkişafı və təhlükəsizliyi iqtisadi sabitliyə və investorların marağına əhəmiyyətli dərəcədə töhfə verəcək”.
Növbəti mərhələdə mövcud audit strukturlarının modernləşdirilməsinin vacib olduğunu deyən M.Aydın yalnız bu yolla idarəetmə strukturunun operativ və effektiv səmərəliliyini maksimuma çatdırmağın mümkün olacağını bildirib. Onun sözlərinə görə, Türkiyədə uğurla tətbiq edilən auditi asanlaşdıran texnoloji məhsullar təkcə tənzimləmə və nəzarət orqanları deyil, həmçinin bank sektorunun bütün oyunçuları üçün əvəzsizdir: “Azərbaycanda sürətlə inkişaf edən innovativ bank ekosistemi mövcuddur. Türkiyənin təcrübəsindən yararlanaraq rəqəmsallaşma və innovativ maliyyə xidmətləri sahəsində atılacaq addımların Azərbaycanın maliyyə sektorunu daha da gücləndirəcəyinə inanıram. Xüsusilə rəqəmsal bankçılıq və fintex sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində ortaq layihələrin hazırlanmasına əlavə imkanlar yarada bilər. Bank işində təhlükəsizlik standartlarının yüksəldilməsi və innovativ texnologiyaların təşviqi həm müştərilərə yüksək keyfiyyətli xidmətlər təqdim edəcək, həm də sektoru beynəlxalq arenada daha rəqabətli edəcək”.
Fərqanə ALLAHVERDİQIZI