AZ

Dövrümüzün sellofan torba bəlası - öldürmür, amma süründürür 

Qadağa var, cərimə var, amma faydası...  

Elmi araşdırmalar  göstərir ki, plastik  tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, dəniz və okeanlarda iri plastik tullantısı adaları yaradır ki, bu da dəniz canlılarının, o cümlədən balıq populyasiyalarının zəhərlənməsinə və tələfinə səbəb olur. Digər tərəfdən, torpağın dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yandırıldığı halda isə atmosferə yayılan zəhərli qaz tullantılarının həcmini artıraraq təbiətdə bərpası mümkün olmayan fəsadlar yaradır.

Statistikaya əsasən, dünyada hər il təxminən 4 trilyon polietilen torba istifadə olunur, hər bir dəqiqədə 1 milyon sellofan tullantı qutusuna atılır. Marketlərin böyüklüyündən asılı olaraq gün ərzində 15-40 kq plastik torba alıcılar tərəfindən istehlak edilir.

Ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq məqsədilə  Azərbaycanda bu il fevralın 15-dən etibarən, qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbalar müştərilərə ödənişli qaydada və nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilir.

Bununla paralel, ərzaq məhsulları sellofan torbalarda öz keyfiyyətini itirir və tibbi baxımdan da bu, qəti qadağandır. Ticarət mərkəzlərində, marketlərdə istifadə olunan plastik torbalar torpaqda 80-90 il qalır, çürümək bilmir və olduqca böyük ziyan vurur. Ekologiyaya vurduğu zərərə görə onlardan gündəlik ticarətdə istifadə edilməsi tamamilə qadağan edilməlidir. Bu işin öhdəsindən gəlmək üçün mütləq dövlət səviyyəsində sellofan torbaların istehsalına qadağa qoyulmalıdır. Böyük cərimələr verilməlidir. Onun əvəzinə kağız torbalardan, müəyyən taxta məmulatlarından hazırlanmış qablaşdırıcı əşyalardan istifadə edilməsi məqsədəuyğundur. Buna heç kim fikir vermir və kütləvi formada sellofandan istifadə olunur. Çünki həm ucuzdur, həm də yüngüldür. Hazırda onun istehsalı üçün də bir məhdudiyyət yoxdur. Ona görə də Azərbaycanda yeyinti məhsulları satılan bazarlarda polietilen torbalardan istifadə edilməsi geniş yayılıb.  Sellofan torbalarda saxlanılan ərzaq məhsullarında müəyyən bakteriyaların əmələ gəlməsi, çürümə prosesi 1-in 1000-ə nisbətində daha çoxdur. Çürümə daha sürətli gedir. 

Sellofan torbalardan istifadə və təbiətə  hər il tonlarla zərərli tullantıların atılması çox ciddi problemdir. Onlardan istifadə dövlət səviyyəsində qadağan olunsa da hər hansı bir nəticə görünmür. Sovet dövründə bütün plastik su qabları, polietilen torbalar yığılırdı və onları qəbul məntəqələri vardı. Beləliklə, təbiətə tullanmırdı, indi isə artıq bu sərfəli deyil, çünki onların qəbulu üçün ödənilən vəsait baha başa gəlir. Bu səbəbdən də artıq qəbul məntəqələri yığışdırılıb. Yalnız yeni məhsul istehsalı aparılır və daha çox təbiətə tullantı axını yaranır. Bundan başqa, onların istifadəsi insan orqanizmi üçün də zərərlidir və qida məhsullarının ekoloji çirklənməsinə səbəb olur.

İstifadə və istehlakının qadağan olunması nəzərdə tutulan polietilen qablaşdırma məhsullarının yerini tutan çoxçeşidli alternativlər mövcuddur. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda ediləcək dəyişikliklər, 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların - çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur. Bunun səbəbi bəzi amillərlə izah oluna bilər. 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar təkrar emala yararlı deyil. Eyni zamanda bu torbalar çox yüngül çəkili olduğundan su hövzələrinə, kanalizasiya borularına ilişib qalır. Bundan əlavə, onlar torpaq qatında çürümədən qalıb kiçik mikrohissəciklərə parçalanır, bitkilərə, kənd təsərrüfatı məhsullarına, dolayısıyla insan orqanizminə zərər vurur. Onu da qeyd etmək lazımdır ki, plastik qablarda saxlanılan qidalar zəhərli maddələrlə qarışaraq orqanizmə ötürülür və bununla da insan sağlamlığına zərər vurur.

Ekspertlər tövsiyə edir ki, həm özümüzün, həm də təbiətin qeydinə qalaraq, polietilen torbalar əvəzinə parça (eko çantalar), kağız torbalar və həsir çantalardan istifadə edək. Birdəfəlik plastik qabları isə kağız, şüşə, metal alternativləri ilə əvəz edə bilərik.

Statistik məlumatlara görə, hazırda dünyada hər dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Hətta bəzi hallarda həmin torbalar hara və necə gəldi, atılır. Çoxları isə bunun ətraf mühitə vurduğu ziyanın fərqində deyil. Belə ki, ekoloqların araşdırmalarına görə, polietilenin çürüməsi torpaqda 800 ilə, dənizdə isə 400 ilə başa gəlir. Bütövlükdə isə polietilen torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən azı min il lazım gəlir. Mütəxəssislərin hesablamalarına görə, okean sularında hərəkət edən gəmilərdən ildə 4 milyon kiloqrama qədər polietilen torba dənizə atılır. Bunlar da dənizin dibinə çökərək su mənbələrınin çirklənməsinə səbəb olmaqla yanaşı, canlı aləmin tədricən məhvinə gətirib çıxarır. 

Ölkəmizdə də polietilen torbaların isntifadənin azaldılması ilə bağlı bir neçə il əvvəl qərar verilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti polietilenlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə 2021-ci il fevralın 2-də mağaza kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satışı ilə bağlı qərar qəbul edib. Daha sonra isə ölkəmizdəki iri ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Hazırda bu torbaların qiyməti ölçüsünə görə 3-5 qəpik arasında dəyişir. Ekoloji təmiz xüsusi torbalar isə daha yüksək qiymətə təklif edilir. 

Hökumətin qərarına əsasən, ölkəmızin irili-xırdalı ticarət şəbəkələrində satılan polietilen torbalar ayrıca məhsul növü kimi kassa çekində öz əksini tapmalıdır. Buna əməl etməyən ticarət obyektlərini isə 6 min manata qədər cərimə gözləyir. Müşahidələr göstərir ki, hazırda marketlərdə bu qaydaya riayət edilsə də, bir çox təsərrüfat mağazalarında, geyim dükannlarında və digər ticarət mərkəzlərində polietilen paketlərin kütləvi, özü də heç bir ödəniş həyata keçirilmədən istifadəsi davam edir. Ötən 6 ay ərzində ölkəmizdə polietilen torbaların istifadəsi bir qədər azalsa da, ətraf mühitin bu cür zərərli tullantılardan xilası ilə bağlı görülən işləri qənaətbəxş hesab etmək qətiyyən mümkün deyil. 

Yazını hazırladı:  Sevinc TELMANQIZI

Seçilən
85
musavat.com

1Mənbələr